Ter Ştegenin kapitanlığı əlindən alındı! RƏSMİ

“Barselona”da Ter Ştegen böhranı: Kapitanlıq sarğısı əlindən alındı!
90plus.az xəbər verir ki, “Barselona”da birinci kapitanlıq məsələsi qalmaqala çevrilib. Klub rəsmi açıqlama yayaraq Mark-Andre ter Ştegenin kapitanlıq səlahiyyətlərinin müvəqqəti olaraq əlindən alındığını bildirib.
Rəsmi bəyanata görə, qərar idman direktoru və baş məşqçi Hansi Flikin razılığı ilə verilib. Bu müddətdə birinci kapitan funksiyasını Ronald Arauxo yerinə yetirəcək. Frenki de Yonq ikinci kapitan, Rafinya, Pedri və Qavi isə növbəti kapitanlar olacaq.Qərarın səbəbi 33 yaşlı alman qapıçının La Liqanın uzunmüddətli zədəli futbolçular qaydası üçün tələb olunan tibbi hesabatı imzalamaqdan imtina etməsidir. Klub bu sənəd vasitəsilə onun maaşının 80%-ni sərbəstləşdirərək yeni transferlər — Xoan Qarsiya və Voyçek Şensnını — qeydiyyata salmaq istəyirdi. Bunun üçün Ter Ştegenin 4 aylıq zədəli olacağını təsdiqləməsi lazım idi. O isə sağalma müddətinin maksimum 3 ay çəkəcəyini bildirərək imzadan imtina edib.
Məsələ fonunda Ter Ştegenin prezident Xoan Laporta ilə münasibətləri gərginləşib. “Carrusel Deportivo”nun məlumatına görə, qapıçı qərarı mətbuatdan öyrənib və bunu “soyuq müharibə” kimi dəyərləndirib. O, həmçinin sosial şəbəkədə izləyici sayında ciddi itkiyə məruz qalıb — cəmi bir gündə “Instagram”da 100 min nəfər azalıb.
Bütün gərginliyə baxmayaraq, Ter Ştegen bu yay “Barselona”dan ayrılmağı düşünmür və 2-3 aya qayıdaraq həm əsas heyətdəki, həm də kapitanlıqdakı yerini geri almağı hədəfləyir.
© Copyright 2025, All Rights Reserved