Ter Ştegenin özbaşına hərəkəti onu kapitanlıqdan edir

“Barselona”da kapitanlıq krizi — Ter Ştegenə cəza gələ bilər.
90plus.az xəbər verir ki, “Barselona” klubunda kapitanlıq məsələsi gündəmə gəlib. Kataloniya təmsilçisi almaniyalı qapıçı Mark-Andre Ter Ştegenin davranışından narazıdır və onun kapitanlıqdan məhrum edilə biləcəyi istisna olunmur.
Məlumata görə, 33 yaşlı qolkiper klubun razılığı olmadan şəxsi “Instagram” hesabında belindən əməliyyat olunacağını və 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu paylaşım “Barselona” rəhbərliyinin qəzəbinə səbəb olub.
Məsələ yalnız informasiya intizamı ilə bağlı deyil. La Liqanın maliyyə qaydalarına əsasən, klub yalnız zədələnmiş oyunçunun minimum 4 ay meydanlardan kənarda qalması halında onun maaşının 80 faizini sərbəst maliyyə resursu kimi istifadə edə və həmin boşluğa yeni futbolçu qeydiyyatdan keçirə bilər. Ter Ştegenin öz paylaşmasında 3 aylıq bərpa dövrünü açıqlaması isə bu imkandan istifadəni sual altına alıb.
“Barselona” tərəfi qapıçının paylaşımından dərhal sonra əməliyyat xəbərini mətbuata təsdiqləyib. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, klub Ter Ştegenin bərpa müddəti ilə bağlı heç bir konkret tarix göstərməyib.
İspan mətbuatı, xüsusilə “Mundo Deportivo”, “Barselona”nın bu məsələni ciddi şəkildə qiymətləndirdiyini və kapitanlıq sarğısının başqa bir futbolçuya verilməsinin gündəmdə olduğunu yazır.
© Copyright 2025, All Rights Reserved