Tokioda dəhşətli boks faciəsi – Eyni turnirdə iki boksçu həyatını itirdi

Yaponiyanın paytaxtı Tokioda 2 avqust tarixində "Korakuen" salonunda keçirilən boks gecəsi dünya idman ictimaiyyətini sarsıdan faciə ilə yadda qaldı. Müxtəlif qarşılaşmalarda rinqə çıxan iki boksçu beyin zədəsi səbəbilə həyatını itirib.
90plus.az xəbər verir ki, 28 yaşlı Şigetosi Kotari "OPBF" (Oriental və Pasifik Boks Federasiyası) yüngül çəki dərəcəsində çempion olan Yamato Hata ilə 12 raundluq döyüşünü bərabərliklə başa vurduqdan dərhal sonra ringdə huşunu itirib. Təcili beyin əməliyyatına alınsa da, Kotarinin həyatını xilas etmək mümkün olmayıb. "WBO" (Dünya Boks Təşkilatı) rəsmi sosial media hesabında "Hüzur içində yat, Şigetosi Kotari" paylaşımı edib.
Bundan bir gün sonra isə daha bir faciə baş verib. Eyni yaşda olan digər yapon boksçu – Hiromasa Urakava, Yoji Saito ilə döyüşdə nokautla uduzub və aldığı ağır beyin zədəsi nəticəsində vəfat edib. O da əməliyyat olunsa da, həyatını itirib.
Hadisələrin ardından Yapon Boks Komissiyası ciddi qərar verib – ölkədə keçirilən titul qarşılaşmalarının raund sayı 12-dən 10-a endirilib. Bu qərar boksçuların sağlamlığının qorunması məqsədi daşıyır.
© Copyright 2025, All Rights Reserved