"Tottenhem" Ben Deyvizin müqaviləsini uzatdı

UEFA Avropa Liqasının son qalibi olan "Tottenhem" təcrübəli müdafiəçisi Ben Deyvizin müqaviləsini 1 il daha uzatdı.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi bu barədə rəsmi açıqlama yayıb:
“Ben Deyvizin müqaviləsini 2026-cı ilin yayına qədər uzatma qərarımızı məmnuniyyətlə elan edirik.”
2014-cü ildə "Suonsi Siti"dən transfer edilən 32 yaşlı futbolçu hazırda "Tottenhem"in heyətində ən uzun müddət çıxış edən oyunçudur. O, klubda keçirdiyi 11 ildə 358 oyuna çıxıb və bu göstərici ilə Darren Andersonun rekorduna şərik olub. Bununla yanaşı, klub tarixində 350 və ya daha çox oyun keçirən yalnız 29 oyunçudan biri olub.
Avropa kuboklarında da 73 oyun keçirən Ben Deyviz klub tarixində ən çox avrokubok matçına çıxan futbolçu olmaq üçün cəmi üç oyuna ehtiyac duyur. Müdafiəçi bu müddət ərzində 9 qol vurub və 13 dəfə komandanın kapitanı olub.
Xatırlatma: "Tottenhem" UEFA Avropa Liqasının finalında "Mançester Yunayted"i məğlub edərək çempion olmuşdu. Komandada baş məşqçi Ange Postekoqlu ilə yollar ayrılıb və yeni çalışdırıcı axtarışları davam edir.
© Copyright 2025, All Rights Reserved