"Tottenhem"də böhran: İqor Tudor komandada etimadı itirir
İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem" klub tarixinin ən uğursuz mövsümlərindən birini yaşayır. Komanda həm çempionatda aşağı pillələrdə qərarlaşıb, həm də Avropa arenasında ciddi problemlərlə üzləşib.
90plus.az xəbər verir ki, mövsümə baş məşqçi Tomas Frankla başlayan London təmsilçisi zəif nəticələrdən sonra komandanın sükanını İqor Tudora həvalə etmişdi. Lakin xorvatiyalı mütəxəssisin rəhbərliyi altında vəziyyət daha da çətinləşib. "Tottenhem" Tudorun rəhbərliyi altında keçirdiyi 4 oyunun hamısında məğlub olub və hələ də qələbə qazana bilməyib.
Komanda tarixində ilk dəfə ardıcıl altı məğlubiyyət alan London klubu Çempionlar Liqasının 1/8 final mərhələsində də ağır vəziyyətə düşüb. İlk oyunda "Atletiko Madrid"ə 2:5 hesabı ilə uduzan "Tottenhem" turnirlə vidalaşmaq təhlükəsi ilə üz-üzə qalıb. Həmin görüşdə Tudorun qapıçı Antonin Kinsini buraxdığı üç qoldan sonra artıq 17-ci dəqiqədə əvəzləməsi də geniş müzakirələrə səbəb olub.
Premyer Liqada növbəti turda "Liverpul"la qarşılaşacaq "Tottenhem" bu oyunda uğursuz seriyanı qırmaq istəyir. Lakin mediada yayılan məlumatlara görə, komandanın bəzi futbolçuları baş məşqçi İqor Tudora olan inamlarını itiriblər. Bildirilir ki, heyətdəki bir çox oyunçu aşağı liqaya düşmək təhlükəsindən narahatdır və komandada ciddi motivasiya problemi yaşanır.
Bununla yanaşı, futbolçulardan birinin komanda yoldaşlarına aşağı liqaya düşməkdən qorxmadığını və mövsümün sonunda klubdan ayrılacağını düşündüyünü söylədiyi də iddia olunur.
Əgər "Tottenhem" mövsümün sonunda Premyer Liqanı tərk edərsə, London klubu 49 ildən sonra ilk dəfə İngiltərənin ikinci liqasında çıxış etməli olacaq.
© Copyright 2026, All Rights Reserved