"Traktor Təbriz" FİFA-ya şikayət yolladı
90plus.az xəbər verir ki, Təbrizin “Traktor” klubu İran Futbol Federasiyasından Beynəlxalq Futbol Federasiyasına (FİFA) rəsmi şəkildə şikayət edib.
Bu barədə Cənubi Azərbaycan təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb. Bildirilib ki, şikayət üç ayrı bölmə üzrə FİFA-nın baş katibinə göndərilib və sənəd klubun idarə heyəti üzvlərinin imzası ilə rəsmiləşdirilərək qeydiyyata alınıb.
Şikayət aşağıdakı istiqamətləri əhatə edir:
1. Fors-major prinsiplərinin pozulması, oyunun təhlükəsizliyinin təmin edilməməsi və intizam işlərinə baxılmasında ədalətin inkarı.
2. “Traktor” klubuna və onun milli komanda üzvü olan futbolçularına qarşı irqi və etnik ayrı-seçkilik xarakterli davranışların davam etməsi, eləcə də müvafiq məhkəmə orqanlarının ayrı-seçkiliyə qarşı qaydaların icrasında səhlənkarlığı.
3. Qərəzsizlik prinsipinin pozulması və Video Köməkçi Hakim (VAR) protokolunun natamam tətbiqi.
Qeyd edək ki, son İran çempionuna rəhbərlik edən Məhəmmədrza Zünnuzi bir müddət əvvəl açıqlamasında ayrı-seçkilik hallarının davam edəcəyi təqdirdə komandanın yarışdan çəkilə biləcəyini bildirmişdi. Klubun FİFA-ya ünvanladığı müraciətin necə nəticələnəcəyi isə yaxın vaxtlarda bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved