"Turan Tovuz" oyunlarını Sumqayıtda keçirəcək
Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası “Turan Tovuz”a ev oyunlarını müvəqqəti olaraq “Azersun Arena”da keçirməyə icazə verib.
90plus.az xəbər verir ki, klubun Tovuz stadionuna qayıtması öncədən test oyunu keçirilmək şərti ilə Misli Premyer Liqasının 25-ci turuna planlaşdırılıb. Son aparılan yoxlamalar, mütəxəssis rəyləri və klubun rəsmi müraciəti nəzərə alınaraq, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün olacağı müəyyənləşib.
“Turan Tovuz”un müvəqqəti istifadə etdiyi “Azersun Arena”nın da təmirə bağlanması səbəbindən (klub yalnız fevral ayında bu stadionu istifadə edəcəkdi) 25-ci tur oyunu və Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev qarşılaşması üçün Peşəkar Futbol Liqasına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirmək icazəsi üçün müraciət daxil olub. Tovuz stadionundakı vəziyyət, klubun müraciəti və “Sumqayıt” klubunun razılıq məktubu nəzərə alınaraq, Peşəkar Futbol Liqası bu oyunların Sumqayıt stadionunda keçirilməsinə qərar verib.
Qarşılaşmalardan sonra Tovuz stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarını Tovuz stadionunda keçirib-keçirməməsi barədə əlavə qərar veriləcək.
© Copyright 2026, All Rights Reserved