“Turan”ın məşqçisi: “Cavab oyununda tam başqa futbol oynayacağıq”
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Turan Tovuz” öz meydanında “Zirə”yə 0:2 hesabı ilə məğlub olduqdan sonra hər iki komandanın baş məşqçiləri qarşılaşmanı şərh ediblər.
90plus.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçın daha çox taktiki mübarizə şəraitində keçdiyini bildirib. O qeyd edib ki, xüsusilə birinci hissədə komandalar daha ehtiyatlı oynayıb:
“Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, “Turan Tovuz” standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib ikinci yarı gözləyir”.
“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov isə məğlubiyyətə baxmayaraq, ümidli danışıb:
“Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara getmək kubokdan daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan. Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda “İmişli” ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. “Zirə” ilə cavab oyununda tam başqa futbol oynayacağıq”.
Təcrübəli mütəxəssis hakimlik barədə sualı da cavabsız qoymayıb:
“Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi”.
Qeyd: Komandalar arasında aprelin 21-də keçiriləcək cavab oyunu yarımfinalın taleyini həll edəcək.
© Copyright 2026, All Rights Reserved