Türkiyə otelinə hücum olundu - GÖRÜNTÜ
2026 FIFA Dünya Çempionatının Avropa seçmə mərhələsinin pley-off finalında Kosova ilə qarşılaşacaq Türkiyə Milli Futbol Komandası oyun öncəsi Priştinada hazırlıqlarını başa vurub.
90plus.az xəbər verir ki, lakin komandanın qaldığı otel qarşısında gecə saatlarında xoşagəlməz hadisələr yaşanıb.
Məlumata görə, kosovalı bir qrup şəxs gecə yarısı otelin önünə toplaşaraq havai fişəklərdən istifadə edib. İlk insident zamanı təxminən bir dəqiqə ərzində havai fişəklər atılıb. Qısa müddət sonra isə fərqli nöqtədən yenidən otel hədəfə alınıb.
Bildirilir ki, havai fişəklər bu dəfə şaquli deyil, üfüqi şəkildə istifadə olunaraq birbaşa otelin şüşələrinə doğru istiqamətləndirilib. Hadisə zamanı təhlükəsizlik tədbirlərinin yetərsiz olduğu diqqət çəkib.
Baş verən insidentdən sonra əraziyə polis qüvvələri cəlb olunub və vəziyyət nəzarətə götürülüb.
Kosova – Türkiyə qarşılaşması öncəsi baş verən bu hadisə futbol ictimaiyyətində narahatlıqla qarşılanıb.
© Copyright 2026, All Rights Reserved