Türkiyə Super Liqas: Bu baş məşqçi də yola salındı
“Antalyaspor”da Erol Bulut dönəmi başa çatdı.
90plus.az xəbər verir ki, Türkiyə Superliqasında ardıcıl uğursuz nəticələrdən sonra “Antalyaspor” rəhbərliyi baş məşqçi Erol Bulut ilə yolları ayırıb.
Məlumata görə, mövsümün əvvəlində Emre Belözoğlunun rəhbərliyi altında çempionata başlayan Antalya təmsilçisi cari mövsümdə artıq ikinci dəfə baş məşqçi dəyişikliyinə gedib. Superliqada 16 turdan sonra cəmi 15 xal toplayan “Antalyaspor” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və hazırda düşmə xəttində yer alır. Komanda mövsümün əvvəlindən bəri gözlənilən oyunu meydanda göstərə bilməyib.
Yeni baş məşqçi axtarışları başlayıb
Erol Bulutla ayrılıqdan dərhal sonra “Antalyaspor”da yeni baş məşqçi axtarışlarına start verilib. Klub rəhbərliyinin namizədlər siyahısında ilk sırada Volkan Demirel yer alır. Son olaraq “Gənclərbirliyi”ni çalışdıran Demirel əsas favorit hesab olunur.
Alternativ namizəd kimi isə “Qaziantep”dən ayrılan Burak Yılmazın adı çəkilir. “Antalyaspor” akademiyasının yetirməsi olan və Antalyada doğulan Burak Yılmazın həm hazırda işsiz olması, həm də ailəsinin Antalyada yaşaması səbəbindən bu varianta rəhbərlik tərəfindən müsbət yanaşıldığı bildirilir.
© Copyright 2025, All Rights Reserved