Türkiyəli basketbolçu NBA tarixinə keçdi
ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) "Hyuston Rokets" doğma meydanda "Nyu-Orleans Pelikans"ı 134-102 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, "Smoothie King Center"də keçirilən qarşılaşmada təxminən 32 dəqiqə meydanda olan milli basketbolçu Alperen Şengün möhtəşəm performans sərgiləyib. O, 36 xal, 13 ribaund, 7 assist, 3 top oğurlama və 3 blokla oyunun ən yaxşılarından biri olub.
Alperen Şengün bununla da NBA tarixində bir oyunda ən azı 35 xal, 10 ribaund, 5 assist, 3 top oğurlama və 3 blok edən 4-cü basketbolçu kimi tarixə düşüb. O, bu göstəriciyə nail olan Şakil O'Nil, Hakim Olacuvon və Devid Robinsondan sonra bu uğura imza atıb.
“Dabl-dabl”la oyunu tamamlayan milli basketbolçu top itkisi etmədən 5 üçlük dəqiq zərbə ilə fərqlənərək meydanın ən effektiv oyunçusu olub.
Mövsümdə 45-ci qələbəsini qazanan "Hyuston Rokets"də Kevin Durant və Cabari Smit 20 xal toplayıb.
Ardıcıl 5-ci, ümumilikdə isə 51-ci məğlubiyyətini alan "Nyu-Orleans Pelikans"da Dejounte Mürrey 19, Saddiq Bey və Zion Uilyamson isə 18 xal ilə çıxış edib.
Digər qarşılaşmada isə "Denver Naqqets" öz meydanında "Qolden Steyt Uorriors"u 116-93 hesabı ilə üstələyib.
Ardıcıl 6-cı qələbəsini qazanan "Denver Naqqets"də Nikola Yokiç 25 xal, 15 ribaund, 8 assist, Camal Mürrey isə 20 xal, 6 ribaund və 7 assistlə yadda qalıb.
"Qolden Steyt Uorriors"da Kristaps Porzinqis və Brendin Podziemski 23 xal toplasa da, bu nəticə komandanı məğlubiyyətdən xilas etməyib. Milli basketbolçu Ömər Faruq Yurtseven isə təxminən 4 dəqiqə oynadığı görüşü 2 ribaundla başa vurub.
© Copyright 2026, All Rights Reserved