UEFA-dan yeni qərar - Final tez başlayacaq

UEFA Çempionlar Liqasının final matçları 2025/26 mövsümündən etibarən əvvəlki illərlə müqayisədə 3 saat tez başlayacaq.
90plus.az xəbər verir ki, UEFA-nın verdiyi qərara əsasən, turnirin həlledici qarşılaşması Mərkəzi Avropa saatı ilə 18:00-da (Bakı vaxtı ilə 20:00-da) start götürəcək.
UEFA-nın rəsmi açıqlamasında bildirilir:
“Bu dəyişiklik azarkeşlər, komandalar və oyunlara ev sahibliyi edən şəhərlər üçün matç gününü daha yadda qalan və əlverişli etmək məqsədilə atılıb. Logistika və əməliyyat imkanlarının daha səmərəli təşkili sayəsində tətbiq olunan bu qərar bir sıra əhəmiyyətli üstünlüklər təqdim edəcək. Əsas məqsədimiz bu möhtəşəm futbol hadisəsini daha çox insan üçün əlçatan və zövqlü hala gətirmək, eyni zamanda ailələrin və uşaqların da oyunu canlı izləməsinə şərait yaratmaqdır.
Final matçını izləmək üçün uzaqdan gələn azarkeşlər bu yeni vaxt sayəsində ictimai nəqliyyatdan, xüsusilə oyundan sonra, daha rahat istifadə edə biləcəklər. Həmçinin, bu dəyişiklik stadiondan təhlükəsiz ayrılma imkanını artıracaq. Ev sahibliyi edən şəhərlər üçünsə bu, iqtisadi baxımdan əlavə fayda gətirəcək, çünki matçdan sonra azarkeşlərin şənlikləri davam etdirməsinə şərait yaranacaq.
Yenilənmiş başlama saatı eyni zamanda final qarşılaşmasının televiziya və rəqəmsal platformalarda daha geniş auditoriyaya çatdırılmasına kömək edəcək. Xüsusilə də gənc izləyicilərin marağını cəlb etmək üçün bu, vacib addım hesab olunur.”
Xatırlatma: 2026-cı il UEFA Çempionlar Liqasının final oyunu mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puskas Arena” stadionunda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved