UEFA işə qarışdı - İrqçilik iddialarını araşdırır
UEFA Çempionlar Liqasında keçirilən “Benfika” – “Real Madrid” qarşılaşmasında Vinisiusa qarşı irqçilik edildiyi iddiaları ilə bağlı rəsmi araşdırma başladılıb.
90plus.az xəbər verir ki, UEFA-nın yaydığı açıqlamada bildirilib:
“UEFA Etika və İntizam Müfəttişi, ‘Benfika’ ilə ‘Real Madrid’ arasında dünən keçirilmiş UEFA Çempionlar Liqası 2025/2026 mövsümü son 16 play-off mərhələsi çərçivəsində baş vermiş ayrı-seçkilik davranışı iddialarını araşdırmaq üçün təyin olunub. Məsələ ilə bağlı əlavə məlumat yaxın günlərdə paylaşılacaq.”
Lissabondakı “Luj” stadionunda baş tutan oyunun 50-ci dəqiqəsində “Real Madrid”i 1:0 hesabı ilə önə keçirən qolu Vinicius Junior vurub. Qoldan sonra braziliyalı futbolçu ona qarşı irqçi davranış edildiyini bildirərək meydanın kənarına yaxınlaşıb.
Vinisius qarşılaşmanın fransalı baş hakimi Francois Letexierə “Benfika”nın futbolçusu Gianluka Prestianninin irqçi hərəkətlər etdiyini iddia edib.
Matçda yeganə qol Vinisiusun aktivinə yazılıb və “Real Madrid” səfərdə “Benfika” üzərində 1:0 hesablı qələbə qazanıb.
Hazırda bütün diqqətlər UEFA-nın aparacağı intizam araşdırmasının nəticəsinə yönəlib. Qurumun qərarının yaxın günlərdə açıqlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved