Valdas Dambrauskas: "Neftçi" hələ də qələbə qazana bilməmişdi"

"Sabah" klubu Misli Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə "Neftçi" ilə qolsuz bərabərliyə razılaşıb – 0:0.
90plus.az xəbər verir ki, qarşılaşmadan sonra Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Bu nəticə hər iki komanda üçün önəmli idi. "Neftçi" də hələ qələbə qazana bilməmişdi, biz isə son oyunda arzulamadığımız nəticə ilə üzləşmişdik. Görüş əsasən əks-hücumlar üzərində qurulmuşdu. İlk hissədə çoxlu sayda səhvlərə yol verdik – demək olar ki, mövsüm ərzində baş verə biləcək səhvləri bu yarıda etdik. İkinci hissədə isə oyunun tempi artdı, ritmimiz yaxşı idi. Əvəzetmələrdən sonra meydana daxil olan futbolçular oyuna müsbət təsir etdilər. Amma irəlidə az imkan yaratdıq və bu da nəticəyə təsir etdi. Rəqibin də şansı oldu. Hesabın ədalətli olduğunu düşünürəm.
Milli komandada baş məşqçi söz-söhbəti
– Bu sual mənim səlahiyyətimdə deyil. Mən yalnız bu günkü "Neftçi" – "Sabah" oyunu haqqında danışa bilərəm. Bu mövzu AFFA-nın və Azərbaycan xalqının qərar verməli olduğu məsələdir. Seçim rəhbərliyə aiddir.
Komandanın yığdığı 4 xal
– Buraya gəlməzdən öncə çempionatın səviyyəsi və gərginliyi barədə məlumatlı idim. Burada oynamış futbolçularım var idi və liqanı izləyirdim. 4 xal bizim üçün yetərli deyil, amma mövsümün başlanğıcı üçün bu nəticə qəbuledilən ola bilər. Heç bir bəhanə gətirmək fikrində deyiləm – daha çox çalışmalı, inkişaf etməliyik. Bu gün əsas heyət üzvlərindən Cesse Sekidika, Zinedin Uld Xaled və İqor Noqeyra bizimlə deyildi. Mövsüm ərzində bu cür hallar təkrar yaşana bilər. Yeni transferimiz Andrey Souza debüt etdi, uzun müddət oynamayan Tellur Mütəllimov isə yenidən meydana çıxdı. Oyunda müsbət məqamlar da oldu. İnanıram ki, bu qığılcımlar gələcəkdə daha da böyüyəcək və bizi qələbələrə aparacaq. Bu qarşılaşmada əlimizdən gələn qədər çalışdıq. Bəzi şeylər alınmadı, onların üzərində işləyəcəyik. Sabahdan etibarən növbəti matça hazırlıqlara başlayırıq.