"Vest Hem"də Paketadan "Aston Villa"ya transfer cavabı

İngiltərə Premyer Liqasının 3-cü turunda "Nottingem Forest"ə səfər edən "Vest Hem Yunayted" rəqibini 3:0 hesabı ilə məğlub edərək mövsümdəki ilk qələbəsini qazandı.
90plus.az xəbər verir ki, matçın ilk hissəsi qolsuz başa çatsa da, ikinci yarıda "Vest Hem" üstünlüyünü ortaya qoydu. 84-cü dəqiqədə Jared Bouen hesabı açdı, 88-ci dəqiqədə isə braziliyalı ulduz Lukas Paketa penaltıdan fərqlənərək komandasını rahatlatdı. 90+1-ci dəqiqədə Kallum Uilsonun vurduğu qol isə görüşə nöqtə qoydu – 0:3.
Paketadan simvolik jest: "Transfer yoxdur" mesajı
Son günlər adı "Aston Villa" ilə hallanan və məşhur transfer eksperti Fabrizio Romano tərəfindən “Villaya ‘bəli’ dedi” paylaşımı ilə gündəmə gələn Lukas Paketa oyundakı qolundan sonra maraqlı bir sevinc göstərdi.
28 yaşlı futbolçu qolunu vurduqdan sonra azarkeşlərə tərəf qaçdı və özünə gələn telefon zəngini rədd etdiyini simvolizə edən hərəkət edərək "Vest Hem" klubunun loqosunu öpdü. Bu jest futbol ictimaiyyəti tərəfindən "transferə açıq mesaj" kimi qiymətləndirildi.
Qraham Potter nəfəs aldı
Komandadakı gələcəyi sual altında olan baş məşqçi Qraham Potter bu qələbə ilə təzyiqi bir qədər azaltmış oldu. "Vest Hem Yunayted" xallarını 3-ə yüksəldərkən, "Nottingem Forest" 4 xalda qaldı.
© Copyright 2025, All Rights Reserved