Viktor Qyökeres “Arsenal”da əfsanənin nömrəsini götürür

İsveçli hücumçu Viktor Qyökeresin “Arsenal” klubuna yüksək məbləğlə transferi demək olar ki, rəsmiləşmək üzrədir. Futbolçunun isə seçdiyi forma nömrəsi azarkeşlər üçün nostalji anlar yaşadır – 14 nömrə!
90plus.az xəbər verir ki, bu nömrə “Arsenal” tarixində heç şübhəsiz ki, klubun əfsanəsi Tyerri Anriyə məxsusdur. Lakin maraqlıdır ki, Anri özü bu nömrəni heç vaxt istəməmişdi.
Tyerri Anri 2020-ci ildə Sesk Fabreqasla "Instagram Live" yayımında bu barədə danışaraq bildirmişdi:
“Mən 2012-də geri qayıdanda 12 nömrəsini götürdüm, çünki o mənim nömrəmdir. 14 mənim nömrəm deyildi. ‘Arsenal’a ilk gələndə 14 nömrəsini götürdüm, çünki Kristofre Re 12 nömrəsini geyinirdi və onun əlindən almaq istəmədim.”
Anri həmçinin 12 nömrəsinin ona Hollandiya əfsanəsi Marko van Bastenin Avro 1988 turnirindəki çıxışından ilham verdiyini də əlavə edib.
İllər ərzində 14 nömrəli formanı Teo Uolkot (təxminən 10 il), daha sonra isə Pyer-Emerik Obameyanq və Edvard Nketia kimi oyunçular daşıyıb. Nketia isə ötən yay “Arsenal”ı tərk etmişdi.
İndi isə növbə Viktor Qyökeresdədir. Əgər transfer rəsmiləşərsə və o, 14 nömrəni götürərsə, bu forma ilə böyük bir mirasa sahib çıxmış olacaq – həm təsadüf nəticəsində formalaşmış, həm də Tyerri Anrinin təvazökarlığı ilə əfsanəyə çevrilmiş bir simvola.
© Copyright 2025, All Rights Reserved