Yamal Şakira və Pikenin eks evini alacağını təsdiqləyib
Lamin Yamal sosial şəbəkə paylaşımı ilə pop ulduzu Şakira və Cerard Pikeyə məxsus olmuş, dəyəri 14 milyon avro olan Barselonadakı malikanəni almqda olduğunu təsdiqləyib.
90plus.az xəbər verir ki, 14 milyon izləyicisi ilə paylaşdığı fotolar silsiləsində gənc hücumçu kürəyi kameraya tərəf dayanaraq möhtəşəm evə və onun parlayan hovuzuna baxarkən görüntülənib.
Yamal lüks əmlak alır
2012-ci ildə inşa olunan bu mülk əvvəlcə 3 ayrı binadan ibarət idi, ümumi sahəsi 3.800 kvadrat metr təşkil edirdi. Ərazidə açıq və qapalı hovuzlar, şəxsi tennis kortu və Şakiranın istifadə etdiyi səsyazma studiyası vardı. Şakira və Pikenin 2022-ci ildə ayrılığından sonra malikanə 14 milyon avroya satışa çıxarılsa da, iki ildən artıq müddət ərzində bu evə alıcı tapılmadı. Sonradan daha kiçik tikililərdən biri ayrı satıldı və qiymət təxminən 11 milyon avroya endi.
İspaniyanın “Mundo Deportivo” nəşri yazır ki, Yamal artıq razılığa gəlib və evi almağa hazırdır. O, əmisioğlusu və yaxın dostu ilə birlikdə burada yaşayacaq. Gənc ulduzun evi tam yenidən dizayn etdirməyi və şəxsi tərzinə uyğunlaşdırmaq üçün böyük vəsait xərcləməyi planlaşdırdığı bildirilir.
Yamalın yeni malikanəsinin içi
Mülkdə 6 yataq otağı və 5 vanna otağı var. Əsas bina şüşə divarlı böyük qonaq otağı ilə Aralıq dənizi mənzərəsinə açılır. Həyətdə geniş yaşıl ərazi, şəxsi hovuz, terras və zövqlü istirahət zonası yerləşir. Keçmiş səsyazma studiyasının oyun və ya kino otağına çevrilə biləcəyi ehtimal edilir.
Bu prestijli mülkə köçmək, Yamalın may ayında “Barselona” ilə imzaladığı 6 illik möhtəşəm müqavilədən qısa müddət sonra baş verir. O, bu müqaviləyə əsasən mövsümə təxminən 30 milyon avro qazanacaq və müqavilə müddətində ümumi qazancı 180 milyon avroya çata bilər. Bundan əlavə, reklam müqavilələri və digər gəlirlər nəzərə alındıqda, “Forbes” onun illik gəlirinin 43 milyon dollara yüksələ biləcəyini bildirir. Bu rəqəm Yamalı Messi, Ronaldo və Jud Bellingem kimi futbol milyarderərinin sırasına daxil edə bilər.
Sevincə kölgə salan zədə problemi
Ancaq bütün parıltıya baxmayaraq, Yamala bağlı meydanda narahatedici xəbər də var. O, qasıq nahiyəsində yaşadığı pubalgiya tipli xroniki zədə ilə mübarizə aparır. Bu problem Lionel Messi daxil olmaqla bir çox ulduz futbolçunu çətin vəziyyətdə qoymuş bir zədə növüdür. İspaniyadan gələn xəbərlərə görə, “Barselona” bu problemin uzunmüddətli xarakter alacağından narahatdır.
Messi 2019-cu ildə Buenos-Ayres radiosuna verdiyi müsahibədə pubalgiya barədə belə demişdi:
“Bu çətin bir zədedir. Uzun müddətdir əziyyət çəkirəm, az məşq edirəm və hər matçda oynaya bilmirəm. Bir gecədə keçəcək problem deyil. Özümü daha yaxşı hiss edirəm, amma hələ tam sağalmamışam və müalicəyə ehtiyacım var.”