Yankoviç “Qarabağ”ı tərk edir
Marko Yankoviç “Qarabağ”dan ayrılır – karyerasını Türkiyədə davam etdirəcək.
90plus.az xəbər verir ki, “Qarabağ”ın heyətində növbəti ayrılıq gerçəkləşir. Ağdam təmsilçisinin monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç karyerasını Türkiyədə davam etdirəcək.
30 yaşlı futbolçu Super Liqaya yüksələn “Çorum” klubu ilə razılıq əldə edib. Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmasa da, Türkiyə klubunun Yankoviçin transfer hüquqlarını əldə etmək üçün “Qarabağ”a ödəniş etdiyi bildirilir.
Yankoviçin son yoxlama görüşündə iştirak etməməsinin səbəbi də məhz transfer prosesinin yekunlaşması olub.
Monteneqro millisinin üzvü olan təcrübəli yarımmüdafiəçi 2022-ci ilin yayında İsrailin “Hapoel” (Tel-Əviv) klubundan “Qarabağ”a keçmişdi. O, 2024/25 mövsümündə bütün turnirlərdə 44 oyuna çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Çorum” komandasında Yankoviç tanış sima ilə də eyni formanı geyinəcək. Belə ki, Ağdam klubunun sabiq qapıçısı İbrahim Şehiç də hazırda Türkiyə təmsilçisinin şərəfini qoruyur.
Qeyd: “Qarabağ” artıq Yankoviçin ayrılığından sonra heyətini portuqaliyalı yarımmüdafiəçi Samuel Lobatu ilə gücləndirib. Bundan başqa, Leandro Andradenin Ukraynanın “Polissya” klubuna keçəcəyi, Kamilo Duran üçün isə Şotlandiyanın “Seltik” klubunun maraq göstərdiyi iddia olunur.
© Copyright 2026, All Rights Reserved