Yeni baş məşqçi Danimarkadan

90plus.az xəbər verir ki, Almaniyanın "Bayer Leverkuzen" klubu baş məşqçi postuna danimarkalı mütəxəssis Kasper Hyulmandı gətirib. Klub rəsmi olaraq 53 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Əvvəlki baş məşqçi Erik ten Haqla yollarını ayıran "Bayer Leverkuzen", komandanın sükanını Kasper Hyulmanda həvalə edib. Hyulmand son olaraq Danimarka millisində çalışmış və UEFA Avro-2024 turnirindən sonra milli komandadakı fəaliyyətini dayandırmışdı.
"Bayer Leverkuzen" klubunun idman direktoru Saymon Rolfes təyinatla bağlı açıqlamasında bunları deyib:
"Uzun müddətdir işini yaxından izlədiyimiz Kasper Hyulmandı komandamıza qatdığımız üçün çox sevincliyik. Onun Danimarkadakı köməkçisi İsmayel Kamenforte də bir neçə il bizimlə çalışıb. Hətta həmin vaxt Kasper özü onu bizə tövsiyə etmişdi. Nəticədə, onun məşqçilik metodları klubumuza yaxşı tanışdır və o da 'Bayer Leverkuzen'i son illərdə yaxından izləyib. İndi komandamızla birlikdə aydın və proaktiv oyun üslubunu yenidən qurmaq üçün çalışacaq. Kasper, heyətimizin həm yerli, həm də beynəlxalq arenalarda ən yüksək hədəflərə çatması üçün doğru seçimdir."
Yeni baş məşqçi Kasper Hyulmand isə təyinatdan sonra bunları bildirib:
"'Leverkuzeni' həmişə yaxşı idarə olunan, strukturlu və iddialı bir klub kimi görmüşəm. Son günlər bu təəssüratım bir daha təsdiqləndi. Belə bir komandanın mənə həvalə olunması mənim üçün böyük bir şərəfdir. Keçmişdə əldə edilən böyük uğurlardan sonra, indi yeni və həyəcanverici oyunçularla 'Bayer Leverkuzen'in gələcəyini formalaşdırmağa kömək etmək üçün çox motivasiyalıyam."
© Copyright 2025, All Rights Reserved