Yurçeviç: "Azərbaycan millisinin bu qrupda şansı var"
"İslandiya və Ukrayna yaxşı komandadır".
90plus.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, Azərbaycan yığması hər iki rəqiblə başabaş mübarizə apara bilər: "Çünki İslandiya və Ukrayna yüksək səviyyədə çıxış edən komandalar deyil. Onlara qarşı oynamaq olar. Bizə gəlincə, Fransa favorit sayılsa da, Xorvatiya millisi də yaxşı kollektivdir. Düşünürəm ki, fransızlara qalib gələrək, D qrupuna düşə bilərik".
Onun sözlərinə görə, Azərbaycan millisinin bu qrupda pley-offa vəsiqə qazanmaq şansı var: "Düzdür, yığmanız Millətlər Liqasının son mövsümündə uğursuzluq yaşadı. Buna baxmayaraq, Azərbaycan millisinə böyük təcrübəyə malik Fernandu Santuş kimi güclü baş məşqçi rəhbərlik edir. Fikrimcə, portuqaliyalı çalışdırıcı postunda qalmalıdır".
Qeyd: Azərbaycan millisi seçmə mərhələdə Fransa/Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna ilə birlikdə D qrupunda mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved