Yuri Vernidub: “Sehrbaz deyiləm”
Yuri Vernidub: “Mən sehrbaz deyiləm, amma komandanı ən azı 3-cü yerə qaldırmalıyıq”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda “Sumqayıt”la 2:2 hesablı heç-heçəyə çıxan “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra mətbuat konfransında komandanın vəziyyətini şərh edib. O, oyunun təhlili, problemlər və gələcək hədəflər barədə danışıb.
Oyunun gedişi və yorğunluq
“65-70 dəqiqə ərzində meydanda əsl futbol vardı və bu futbolu biz nümayiş etdirirdik. Hesab 2:0 olanda daha 3 qol vurmaq üçün şanslarımız var idi. Son 20 dəqiqədə isə komanda yoruldu, fiziki güc çatmadı. Amma bunların hamısını düzəltmək mümkündür. Qarşıda “Karvan-Yevlax”la oyun var və ondan sonra təlim-məşq toplanışına gedəcəyik, komandanı daha yaxşı hazırlayacağıq” – deyə Vernidub bildirib.
O, “Neftçi”ni Ukraynadakı “Dinamo” və “Şaxtyor”a bənzədərək klubun Azərbaycan üçün brend olduğunu vurğulayıb.
Avrokubok hədəfi
Baş məşqçi komandanın Avrokuboklara vəsiqə qazanma perspektivini belə izah edib:
“Bu mövsüm üçün böyük hədəflərimiz var. Əgər bugünkü kimi oyun sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Futbolda hər şey ola bilər, mən buna inanıram. İnanmasam, bura gəlməzdim.”
Heyətin gücləndirilməsi
Vernidub hər yarım ildən bir yeni komanda formalaşdırmağın effektiv olmadığını bildirib:
“Komandadakı oyunçular pis deyillər. Amma yüksək yerlərə qalxmaq üçün heyəti gücləndirməliyik. Hər mövqedə bir-birini əvəzləyəcək iki oyunçu olmalıdır. Dekabrın 20-si son oyunumuz, yanvarın 23-də isə yeni ildə ilk matça çıxacağıq. Vaxtımız azdır, amma indi futbolçuları tanıyıram və üzərində işləmək daha məntiqlidir.”
Taktiki üstünlüklər və pressinq
Baş məşqçi bugünkü oyunda daha çox qol epizodu yaratmalarını belə izah edib:
“Qısa müddətdə belə məzmunlu oyun göstərməyimizin səbəbi taktiki məşğələlər və futbolçularla danışıqlardır. Pressinq oyunu qaçış məsafəsini azaldır və fiziki formanın qorunmasına kömək edir. Mənim istədiyim futbol ilk 60-70 dəqiqədə oynadığımız kompakt və sürətli futbol idi. Sonradan yorğunluq başladı və komanda istəmədiyim oyun tərzinə keçdi.”
Oyunçuların performansı: Abubakar və Sambu
Vensan Abubakar və Bassala Sambu barədə isə belə deyib:
“Start heyətdə çıxan Sambu böyük iş gördü, rəqibə pressinq tətbiq etdi və səhvə məcbur etdi. Yorulduğu üçün Abubakarı meydana buraxdım, o, belə vəziyyətlərdə daha yaxşı şansları dəyərləndirir. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim, amma nəyin üzərində işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Ən azı 3-cü yer üçün oynamalıyıq.”