Yuri Vernidubdan mediaya sərt mesaj
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi – Vernidubdan sərt və maraqlı açıqlamalar gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 27-ci turunda “Neftçi” doğma meydanda “Araz-Naxçıvan” üzərində 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub komandanın çıxışını və ümumi vəziyyəti dəyərləndirib:
“Birinci hissədə “Neftçi”nin performansı həqiqətən çox yaxşı idi. Ən azı 6-7 real qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Matçın 60-cı dəqiqəsinə qədər istədiyimiz oyunu göstərirdik. Rəqibi maksimum pressinq altında saxlayırdıq. Biz daha çox işləməliyik. Bundan sonrakı bütün oyunlar sanki kubok finalı kimidir”.
O, avrokubok mübarizəsi və təzyiq barədə də danışıb:
“Mən təzyiq hiss etmirəm. Amma gərginlik artır. Əsas odur ki, futbolçular bunu başa düşsün. İndi hər oyun final kimidir”.
Vernidub komanda və oyunçularla bağlı diqqətçəkən fikirlər də səsləndirib:
“Bəzən mətbuatı oxuyanda gülümsəyirəm. Elə şeylər yazırlar ki, mən heç deməmişəm. Abubakar komanda oyunçusudur, onun zədəsi var idi. Üç həftə məşq etmədi. Beş gün məşqlə əvvəlki formaya qayıtmaq mümkün deyil. Eyni şey Sambuya da aiddir”.
O, daha sonra sərt şəkildə mediaya mesaj göndərib:
“Necə olur ki, bir qapıçı qol buraxır və dərhal onunla yolları ayırmaqdan yazırlar? Qol da buraxacaq, seyv də edəcək. Belə şeylər normaldır”.
Rəqib komandanın məşqçisi Vadar Nuriyev isə məğlubiyyətə baxmayaraq ikinci hissədəki oyundan razı qaldığını bildirib:
“İlk hissədə “Neftçi” üstün idi, amma ikinci hissədə biz daha yaxşı oynadıq. Əvəzetmələr oyunumuzu düzəltdi. Rəqibi təbrik edirəm”.
O, həmçinin əlavə edib ki, avrokubok şansı hələ də qalır:
“Deməzdim ki, artıq hər şey bitib. Qarşıda 6 oyun var, hər şey dəyişə bilər”.
© Copyright 2026, All Rights Reserved