“Yuventus” Kənanla yeni müqaviləyə tələsmir
Kenan Yıldız bu mövsüm “Yuventus”un ən parlaq futbolçularından biri olub, lakin klub gənc oyunçuya yeni müqavilə təklif etmək üçün tələsmir.
90plus.az xəbər verir ki, “Yuventus”un futbol strategiyası direktoru Corco Kyellini bildirib ki, komanda oyunqurucu Kenan Yıldızla yeni müqavilə bağlamaqda heç bir tələskənlik görmür.
Bu mövsüm Yıldız “bianconeri”nin heyətində yaxşı çıxış edir – bütün turnirlərdə 3 qol vurub, 4 qol ötürməsi edib və 30 qol epizodu yaradıb. 20 yaşlı Türkiyə millisinin üzvü 2028/29 mövsümünün sonuna qədər müqavilə ilə Turində qalır.
Oyunçunun nümayəndələri ilə klub arasında ilkin danışıqlar başlasa da, Kyellini “Social Football Summit” tədbirində prosesin təmkinlə davam etdiyini vurğulayıb:
“Yavaş-yavaş və sakit şəkildə işləyirik. Hər kəs bunun baş tutmasını istəyir”, – deyə o bildirib.
Qeyd: “Yuventus” keçən ay səkkiz oyunluq qələbəsiz seriyadan sonra İqor Tudoru istefaya göndərmiş, komandanın başına Lusiano Spaletti keçmişdi.
Hazırda Turin təmsilçisi A Seriyasında lider “İnter”dən 5 xal geri qalır. Kyellini mövsümün qalan hissəsi üçün real gözləntilərin vacib olduğunu düşünür:
“Qarşıdakı aylar çətin olacaq, amma eyni zamanda motivasiya vericidir. Qızıl onillikdən sonra son üç il əvvəlkindən daha ağır keçdi, amma hələ də bir işıq var. Məncə, klub bütün dəyişikliklərin öhdəsindən gələcək.
Gördüyümüzdən daha parlaq bir işıq var. Bu yol yorucu ola bilər, amma sonda ‘Yuventus’u yenidən qələbə mədəniyyətinə qaytara biləcək bir qatar görürəm – həm qalib gəlməyi, həm də uduzanda bundan dərs çıxarmağı bilən bir klub.”
ℹ️ “Yuventus” bu həftəsonu “Fiorentina” ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved