"Yuventus"un futbolçusuna irqçilik edildi
İtaliya A Seriyası təmsilçisi "Yuventus"un formasını geyinən 27 yaşlı müdafiəçi Lloyd Kelli sosial şəbəkədə irqçi hücuma məruz qalıb.
90plus.az xəbər verir ki, İngilis futbolçu ABŞ mərkəzli sosial media platforması "Instagram"dakı hesabında paylaşdığı fotonun altına yazılan təhqiramiz rəyi ictimailəşdirib. İstifadəçilərdən biri onun ünvanına “Heyvanxanaya geri dön” ifadəsini işlədib. Kelli həmin şərhin ekran görüntüsünü paylaşaraq məsələyə münasibət bildirib.
Təcrübəli müdafiəçi açıqlamasında bunları deyib:
“Həyatda və idmanda tənqidlər olur və mən bunu hər zaman qəbul etmişəm. Hər kəsin fikir bildirmək haqqı var. Amma irqçiliyi heç vaxt qəbul etməyəcəyəm. Sözlərin və hərəkətlərin mənası var və onların nəticələri də olur.”
Qeyd: Son illər Avropa futbolunda irqçilik halları ilə bağlı mübarizə daha da gücləndirilib. Buna baxmayaraq, futbolçular sosial mediada zaman-zaman bu cür hallarla üzləşirlər.
© Copyright 2026, All Rights Reserved