Bellingem 12 həftə olmayacaq, əməliyyata gedir

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem çiyin əməliyyatına girəcək!
90plus.az xəbər verir ki, “Real Madrid” və İngiltərə millisinin futbolçusu Cud Bellingem bu çərşənbə günü Londonda sol çiynindən əməliyyat olunacaq. Bu barədə “ESPN” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Bellingem 10-12 həftə yaşıl meydanlardan uzaq qalacaq.
22 yaşlı futbolçu bu zədə problemi ilə “Real Madrid”dəki ilk mövsümündən mübarizə aparır. O, 2023-cü ilin noyabrında “Rayo Valyekano” ilə oyunda çiynindən zədə almış və əməliyyat əvəzinə, meydana qayıtmağa imkan verən reabilitasiya planını seçmişdi.
Lakin bu seçim tam sağalmasına imkan verməyib. Klublararası Dünya Çempionatında “Real Madrid”in keçirdiyi bütün oyunlarda iştirak edən Bellingem ötən ay “Paçuka”ya qarşı 3:1 hesablı qələbədən sonra əməliyyat qərarını izah etmişdi:
“Turnirdən sonra əməliyyat olunacağam. Artıq bu breyslə (çiynə taxılan dayaq) oynamaqdan bezmişəm, xüsusilə də istidə. Köhnə çiynimə qovuşmaq gözəl olacaq, buna görə əməliyyatı səbirsizliklə gözləyirəm.”
Bellingem 2023-cü ilin yayında “Borussiya Dortmund”dan “Real Madrid”ə transfer olunmuşdu. O, ilk mövsümündə La Liqa və Çempionlar Liqası “dubl”unu qazanan komandaya böyük töhfə verib.
Futbolçu ötən mövsüm bütün turnirlərdə 58 oyuna çıxaraq 15 qol vurub və 15 məhsuldar ötürmə verib.
“Real Madrid” Xabi Alonsonun rəhbərliyi altında yeni mövsümə avqustun 19-da “Osasuna”ya qarşı ev oyununda start verəcək. Bellingemin oktyabrın əvvəlində qayıdacağı gözlənilir. O, bu müddət ərzində təxminən səkkiz La Liqa oyunu və Çempionlar Liqasının qrup mərhələsinin startını buraxacaq.
© Copyright 2025, All Rights Reserved