"Çelsi" - "Vest Hem" oyununda Traoredən güc şousu - FOTO
İngiltərə Premyer Liqasında 24-cü turun ən dramatik qarşılaşmalarından biri “Çelsi” – “Vest Hem Yunayted” matçı olub. London derbisində meydan sahibləri 2:0 geridə olmalarına baxmayaraq möhtəşəm geri dönüş edərək oyunu 3:2 hesabı ilə qazanıblar.
90plus.az xəbər verir ki, “Stemford Bric” stadionunda keçirilən qarşılaşmada “Çelsi”nin qollarını 57-ci dəqiqədə Joao Pedro, 70-ci dəqiqədə Mark Kukurelya və 90+2-ci dəqiqədə Enso Fernandes vurub. Qonaq komanda “Vest Hem Yunayted”in qolları isə 7-ci dəqiqədə Cərrod Bouen və 36-cı dəqiqədə Krisensio Samervilldən gəlib.
Möhtəşəm geri dönüş
Oyunun son dəqiqələrində yaşananlar isə matça kölgə salıb. “Vest Hem Yunayted”in yeni transferi Adama Traore Mark Kukurelya ilə mübarizədə ispan futbolçunu sərt şəkildə kənara itələyib və epizoddan sonra yan hakimə etiraz edib. Bu anlardan sonra meydanda gərginlik yaşanıb.
Hadisəyə yaxın olan “Çelsi”nin futbolçusu Joao Pedro komanda yoldaşına qarşı hərəkətə görə Traore-ni arxadan itələyib. Bundan sonra digər futbolçular da insidentə qoşulub və tərəflər arasında kütləvi mübahisə yaranıb.
Qırmızı kart göstərildi
Gərginlik zamanı “Vest Hem Yunayted”in fransız müdafiəçisi Todibo Joao Pedroya qarşı aqressiv davranaraq boğazından tutub. Digər oyunçuların müdaxiləsindən sonra vəziyyət nisbətən sakitləşib. Hakim qərarına əsasən Adama Traore və Joao Pedro sarı vərəqə ilə cəzalandırılıb, Todibo isə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə ilə “Çelsi” Premyer Liqada vacib üç xal qazanıb və azarkeşlərinə unudulmaz gecə yaşadıb.
© Copyright 2026, All Rights Reserved