“Çelsi”dən gedən Mareska ilk dəfə danışdı
Enzo Mareska susqunluğu pozdu: “Bu dövrü qürurla xatırlayacağam”.
90plus.az xəbər verir ki, “Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska istefasından sonra ilk dəfə geniş açıqlama ilə çıxış edib. 2026-cı ilin ilk günündə vəzifəsindən ayrılan italiyalı mütəxəssis yaydığı vida bəyanatında Londonda keçirdiyi dövrə yekun vurub.
Mareskanın açıqlamasında diqqətçəkən məqamlardan biri klub rəhbərliyi ilə bağlı hər hansı konkret adın çəkilməməsi olub. Son dövrlərdə tərəflər arasında fikir ayrılıqları yaşandığı bildirilsə də, mütəxəssis çıxışında bu mövzuya toxunmayıb və əsas diqqəti futbolçulara, eləcə də azarkeşlərə yönəldib.
“Mənim ‘Çelsi’dəki yolum Konfrans Liqasının təsnifat mərhələlərindən başladı. Bu gün isə daxili rahatlıqla ayrılıram. Arxada qalan işlərə baxanda, bu klubu layiq olduğu mövqedə buraxdığımı düşünürəm”, – deyə Mareska qeyd edib.
İtaliyalı çalışdırıcı London klubunda keçirdiyi müddətdə əldə olunan nəticələri də xüsusi vurğulayıb. Onun sözlərinə görə, komandanın uğurlarında tribunaların dəstəyi mühüm rol oynayıb:
“Son 18 ay ərzində mənə inanan və dəstək verən bütün ‘Çelsi’ azarkeşlərinə minnətdaram. Çempionlar Liqasına vəsiqə, Konfrans Liqası və Klubların Dünya Çempionatında qazandığımız titullar bu dəstəyin nəticəsi idi. Bu anlar mənim üçün unudulmazdır”.
Mareska futbolçularla münasibətlərinə də toxunaraq, onlara ayrıca təşəkkür edib:
“Bu səyahətdə yanımda olan bütün oyunçulara təşəkkür edirəm. Onların peşəkarlığı və fədakarlığı bu dövrü xüsusi etdi. Ailəm və öz adımdan ‘Çelsi’yə uğurlar arzulayıram”.
Qeyd: Enzo Mareskanın bundan sonrakı karyera planları hələlik açıqlanmayıb.
© Copyright 2026, All Rights Reserved