Co Koul keçmişini xatırladı: "Avtobusdan az qala yıxılırdım"
Keçmiş “Çelsi” futbolçusu Co Koul 2005-ci ildə Premyer Liqa çempionluğundan sonra keçirilən möhtəşəm paradla bağlı maraqlı xatirələrini bölüşüb.
90plus.az xəbər verir ki, ingilis yarımmüdafiəçi bildirib ki, çempionluq avtobusunun üzərində şampan səpərkən az qala yıxılacaqdı və özünü film qəhrəmanı İndiana Cons kimi hiss edib.
Koulun sözlərinə görə, “Bolton” üzərində qazanılan qələbə çempionluğu rəsmiləşdirib və Joze Mourinyonun rəhbərliyi altında “Çelsi"nin “Arsenal”ı 12 xal fərqi ilə geridə qoyması futbolçular arasında böyük coşğu yaradıb. Bu sevinc hətta avtobusun üstündə təhlükəli hərəkətlərlə də müşayiət olunub.
Keçmiş futbolçu komanda yoldaşı Didye Droqba ilə aralarında olan zarafatı da xatırladıb. Onun sözlərinə görə, Droqba həmişə kubokları ilk götürüb qaçırdı – Karlinq Kubokundan tutmuş 2012-ci il Çempionlar Liqasına qədər. Bu hal isə digər futbolçuların təəccübünə səbəb olurdu.
Co Koul və Didye Droqba “Çelsi” forması ilə birlikdə 143 oyuna çıxıb, bu matçların 88-də qələbə qazanıblar. Onlar birlikdə 15 qol vurub, 3 Premyer Liqa və 2 İngiltərə Kubokunun qalibi olublar.
Qeyd edək ki, Co Koulun “Çelsi”dəki ən parlaq dövrü Roman Abramoviçin klubda başladığı ilkin inqilab illərinə təsadüf edib. Daha sonra futbolçu “Liverpul” və “Aston Villa”da çıxış edib, karyerasını başa vurduqdan sonra isə futbol şərhçisi kimi fəaliyyət göstərməyə başlayıb.
© Copyright 2026, All Rights Reserved