“Qapıya yoxlayacam, ver vurum” Toral Bayramov

Qazaxıstanı məğlub edən Azərbaycan millisinin çalışdırcısı Arif Əsədov fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Əsədov futbolçularımızın xarakter nümayiş etdirdiklərini söyləyib: "Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar.
Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi".
Geridönüşdə əsas pay sahibi, 3-cü qolun müəllifi, Azərbaycan millisinin futbolçusu Toral Bayramov cərimə zərbəsindən vurduğu qələbə qolu haqda: “Komandamızda cərimə zərbələrini yerinə yetirən mənlə Emindir. Məsafə uzaq idi. Emin topa yaxınlaşanda dedim ki, yaxşı hiss edirəm, qapıya yoxlayacam, ver vurum. O da etiraz etmədi, dedi ki, vur. Keçmişdə Fransaya vurduğum qol yadıma gəldi. Demək olar ki, ssenari eyni idi, nöqtələr fərqli idi. Şükürlər olsun, qol oldu, qalib gəldik. Hamını təbrik edirəm”.
23 yaşlı müdafiəçi matçda fərqli mövqelərdə oynadığına münasibətini bildirib: “İlk dəfə deyil. De Byazinin vaxtında da eyni oyunda fərqli mövqələrdə oynamışdım. Bu, məşqçidən asılıdır. Məşqçinin dediyi tapşırıqları yerinə yetiririk. Nəyi tələb edirsə, onu da edirik. Mənim üçün heç bir problem olmadı, özümü rahat hiss edirəm”.
O, “Oyununuzda inkişaf görürsünüzmü?” sualına belə cavab verib: “Bizdən soruşmayın. Məncə, siz onu daha yaxşı bilərsiz. Əlbəttə ki, oyundan oyuna yaxşı oynamağa çalışırıq. Biz bunu bacarırıq. Həqiqətən də elə heyyətimiz var ki, mümkünsüz bir şey deyil. Allaha şükürlər olsun ki, bunu göstəririk. Baxmayaraq ki, Albaniya millisinə məğlub olduq, düşünürəm ki, biz onlardan yaxşı oynamışdıq. Sadəcə olaraq son nöqtəni qoya bilmədik. İnşallah, irəlidə oyunlarımız çox olacaq. Çalışacağıq qələbələrimizi çoxaldaq, xalqımızı sevindirək”.