“Dinamo”nun baş məşqçisi “Qarabağ”la oyundan danışdı

"Dinamo Zaqreb"in baş məşqçisi Sergey Yakiroviç sabah "Qarabağ" klubu ilə keçirəcəyi Çempionlar Liqasının cavab pley-offundan öncə mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis müdafiə planında hazırlığa üstünlük verdiyini söyləyib: "Rəqibimiz çox güclüdür. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək formada olmasına çalışmışıq".
"Ötən oyunu böyük hesabla qalib bitirməyimizə baxmayaraq, cavab matçına da yaxşı hazırlaşmışıq. Rəqibin gücü bizə bəllidir. Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq".
"Maksimir"dəki nəticə barədə: "Nəticənin ədalətli olub-olmaması kimi şərh verə bilmərəm. Biz oyunda daha çox ona baxırıq ki, rəqib bizim üçün nə qədər şans yaradır ki, onların qapısına daha çox qol vuraq. Ya da rəqib tərəfdən belə olmasına fikir veririk. Nəticə də yaranan vəziyyətlərdən asılı olur".
"Qarabağ"ın "Ludoqorets"ə səfərdə 7 qolla qalib gəlməsindən sonra rəqibin baş məşqçisinin istefaya göndərilməsi ilə bağlı: "Həmin məşqçinin istefası barədə məlumatım yoxdur. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənim elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına inanıram. Komanda ruhumuza, oyunçulara güvənirəm".
Mahir Emrelinin şans qazanmadığında görə "Dinamo"dan ayrılması barədə: "Mən bu komandada bir ildir ki, baş məşqçiyəm. Bu bir il ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə yazda oyunlara çıxa bilmədi. Daha sonra zədə yaya qədər uzandı. Bir çox oyunlarda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, "Nürnberq"ə transfer oldu. Mahirlə sağollaşmağımızda heç bir pis səbəb yox idi".
Bakı səfərində hədəf: "Bizi daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdir".
Qeyd: "Qarabağ - Dinamo" matçı sabah - 28 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk oyun 3:0 rəqibin xeyrinə yekunlaşıb.