Enzo Mareska “Çelsi”dən getdi! RƏSMİ
“Çelsi” klubunun baş məşqçisi Enzo Mareska vəzifəsindən azad edilib – bu, rəsmi şəkildə təsdiqlənib.
90plus.az xəbər verir ki, “Zadəganlar” mövsümü pis keçirməsələr də, hazırda ilk dördlükdən bir qədər kənarda qərarlaşıblar. Lakin Fabrizio Romanonun bildirdiyinə görə, məsələ nəticələrlə bağlı olmayıb, əsas səbəb baş məşqçi ilə klub sahibləri arasında yaranan fikir ayrılığı olub.
“Çelsi” ötən mövsüm Mareskanın rəhbərliyi altında Konfrans Liqasının qalibi olmuşdu. Daha sonra isə yayda yeni formatda keçirilən Klubların Dünya Çempionatının ilk buraxılışını qazanaraq finalda Avropa çempionu PSJ-ni məğlub etmişdi.
Son həftələrdə Mareskanın “Mançester Siti” postu ilə ciddi şəkildə əlaqələndirildiyi qeyd olunur. Lakin onun Pep Qvardiolanın gələcəyi ilə bağlı qərarını gözləyib-gözləməyəcəyi hələlik məlum deyil.
“Çelsi” isə yaxın vaxtlarda yeni baş məşqçi təyin edəcək, bu proses həftələrlə və ya uzun müddət çəkməyəcək. Klub artıq bu istiqamətdə iş aparır.
“Strasburq”da gördüyü əla işdən sonra klub daxilində yüksək qiymətləndirilən Liam Rozenior namizədlər arasındadır.
Qərarın günlər ərzində verilməsi gözlənilir, proses uzun çəkməyəcək.
© Copyright 2026, All Rights Reserved