Fernandu Santuş: “Hədəf Avropa çempionatına vəsiqədir”

Bu gün AFFA Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşu ictimaiyyətə təqdim edib.
90plus.az xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis iddialı çıxış edib:
"Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram. Bu layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram. Mənim daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün buradayam".
Santuş hədəfin yüksək olduğunu söyləyib:
"Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır. Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidir. Ümid edirəm ki, bizdə alınacaq. Bu layihəni həyata keçirmək üçün Azərbaycanda yaşayacağıq. Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Ailəmizlə birlikdə ölkənizdə olacağıq. Oyunlarda əsas məqsəd qələbə qazanmaq olacaq. Bunun üçün yaxşı oynamaq lazımdır. Yığmanın son iki matçına da baxmışam. Daha əvvəl də Bakıya gəlmişəm. Mən statistikaya çox diqqət yetirmirəm. Qol vurmalı və qapımızı toxunulmaz saxlamalıyıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Fanatların stadiona gəlməsi üçün cəlbedici futbol oynamağa çalışacağıq".
"Beşiktaş"ın eks çalışdırıcısı Türkiyə millisinin AVRO-2024-də uğurlu çıxış edəcəyinə inanır:
"Məncə, Türkiyə yığması Avropa çempionatında uğurlu çıxış edəcək. Özüm də uzun müddət yığmalarda çalışmışam. Hansısa millinin, oradakı məşqçinin işini çox müzakirə etmək xoş deyil".
Qeyd: AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla 3+1 illik müqavilə bağlayıb.
© Copyright 2025, All Rights Reserved