Niko Uilyams: “Ən yaxşısı həyatımın klubu – “Atletik”dir”

Niko Uilyams, nəhayət, susqunluğunu pozdu – “Barselona”nı niyə rədd edib “Atletik”də qaldığının səbəbini söylədi.
90plus.az xəbər verir ki, Niko Uilyams yay transfer pəncərəsində ciddi şəkildə “Barselona” ilə əlaqələndirilsə də, nəticədə “Atletik”də qalmaq qərarına gəldi. Gənc ulduz Bilbao təmsilçisi ilə müqaviləsini 2035-ci ilin yayına qədər uzadıb.
“Barselona”ya yaxın mənbələr transferin 99% tamamlandığını desələr də, son anda Uilyamsın “Atletik”də qalması ilə bağlı xəbərlər ortaya çıxdı.
Bəs nə baş verdi?
Futbolçunun sözlərinə görə, bu qərarı verməsində əsas rol böyük qardaşı İnyaki Uilyams oynayıb. Üstəlik, “Atletik”in növbəti mövsüm Çempionlar Liqasında oynayacaq olması da onu qane edib.
“Çempionlar Liqası kimi çox iddialı hədəflərimiz var. Bunu həyata keçirmək üçün ən yaxşı yer mənim həyatımın klubu – “Atletik”dir. San Mamesdə, azarkeşlərin və ailəmin yanında tarix yazmağa davam etmək istəyirəm,” – deyə Niko klubun rəsmi saytına bildirib.
“Mən və qardaşım İnyaki bu anı həmişə arzulamışıq. O, hər kəs üçün, xüsusilə də mənim üçün örnəkdir. Məncə, kapitanlıq sarğısını daşımaq üçün ən düzgün adam odur. Onu uzun illər kapitan kimi görmək istəyirəm.”
“Klub mənə nə qədər çox dəyər veribsə, mən də maksimum şəkildə qarşılıq vermək istəyirəm. Hər zaman mənə göstərilən sevginin fərqində olmuşam. Belə azarkeşlərə sahib olduğum üçün qürur duyuram.”
© Copyright 2025, All Rights Reserved