“Ola bilər, tam razı qalmasaq da, bir qapıçı gətirək" Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"lə evdə 1-2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis səfərə yalnız qələbə üçün gedəcəklərini söyləyib:
"Bu, mübarizənin ilk hissəsidir. İkinci hissə Bolqarıstanda olacaq. Ora qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hansısa risklərə də gedəcəyik. Çempionlar Liqası oyunu olduğu hiss edilirdi. Qarşımızda təcrübəli, yaxşı komanda var idi. Futbolçularım inanırdılar. Qalib də gələ bilərdik, uduza da bilərdik. İlk oyunu uduzmuşuq. Heç nə bitməyib. Səfərdəki oyunda səliqəli, dəqiq oynamağa çalışacağıq. İnanıram ki, futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlar. Stadionda yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm".
"Əlbəttə ki, "Ludoqorets"in oyunçularının fərdi keyfiyyəti yüksəkdir. Lakin futbolçularımı onlardan zəif saymıram. Oyunçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırlaşır. Mən rəqibi ciddiyə almışdım. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik".
Cavab oyunu öncəsi Misli Premyer Liqasındakı matçlarının təxirə salınması barədə: "Hazırda belə fikrimiz yoxdur. Digər futbolçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olması vacibdir. Növbəti çempionat oyunu da oynayacağıq".
Hakim idarəçiliyi barədə: "Narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Rəqib çox sərt oynayırdı, sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bir az rəqibə simpatiya hiss olunurdu".
Şahruddin Məhəmmədliyevin zədəsi və yeni qapıçı axtarışı barədə: "Şahruddinin qarşıdakı oyuna hazır olub-olmayacağını bilmirəm. Çünki sabaha, birigünə tam məlumat gələcək. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktual oldu. Şahruddin zədələnməsə də. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək".
Bu rəqiblə oyunda ən çox çətinlik: "Birinci təcrübə, ikinci oyunçuların fərdi ustalığı idi. Sürətli, dinamik, fiziki cəhətdən güclü idilər. "Ludoqorets" müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və dəqiq oynamağa çalışacağıq".