Qurban Qurbanov: ”Hələ heç nə itirilməyib”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Ludoqorets"lə sabah keçiriləcək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan öncə danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis oyunun çətinliyinə diqqət çəkib:
"Bakıda bir az fərqli nəticə gözləyirdik, amma rəqibin təhlükəli olduğunu bilirdik. Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücumlara malik və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq. Çox təcrübəli məşqçiləri var ki, bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər. Bəlkə doğma meydanda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etməyə şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. Sabah yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq”.
Qeyd: “Ludoqorets – Qarabağ” matçı sabah Razqradda “Huvefarma Arena” stadionunda saat 22:00-da başlayacaq. İlk oyundan rəqibimizin 2:1 üstünlüyü var.
© Copyright 2025, All Rights Reserved