Rafa Varan: “Azyaşlıları başla oynatmayın, təhlükəlidir”

Rafael Varan: “8-9 yaşlı uşaqların başla oynaması təhlükəlidir, bu vərdişi dəyişməliyik”.
90plus.az xəbər verir ki, Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan uşaqların futbol məşqlərində başla zərbələrə məruz qalmasının potensial zərərlərindən danışıb. O, gənc futbolçuların beyin inkişafının davam etdiyini və bu səbəbdən zərbələrin ciddi fəsadlara yol aça biləcəyini bildirib.
“Uşaqların beyni tam inkişaf mərhələsində olur. Ona görə də başla topa zərbələr qaçılmaz olaraq mənfi təsir göstərir. Üstəlik, bu, asanlıqla qarşısı alına bilən bir haldır. 8-9 yaşlı uşaqlar üçün başla oynamağı öyrənməyə ehtiyac yoxdur,” – deyə Varan RMC Sport-a açıqlamasında bildirib.
Təcrübəli müdafiəçi hesab edir ki, bu yaş qrupunda uşaqların qorunması prioritet olmalıdır:
“Onları qorumaq lazımdır. Necə ki, ayaq üçün qamışqoruyucular vacib və məcburidir, eyni qaydada uşaqlar üçün baş qoruyucuları da istifadə oluna bilər. Bəli, bu riskləri tam aradan qaldırmır, amma müasir texnologiyalar sayəsində uşaqları tədricən qorumaq mümkündür.”
Varan həmçinin gənc futbolçuların yanlış tərbiyə ilə zərbələrə dözməyə alışdırıldığını deyib:
“Uşaqlara ağrıya dözməyi, yıxılanda tez qalxmağı öyrədirlər. Bu, bəzən müsbət ola bilər, amma başla oynamaq məsələsində bunun heç bir faydası yoxdur. Özünü inkişaf üçün sıxmaq bir şeydir, amma başa davamlı zərbələr almaq və bunun nəticəsində sağlamlığa zərər vurmaq tamam fərqli məsələdir.”
Fransalı futbolçu idmanda fədakarlıq dəyərlərinin qorunmasının vacibliyini vurğulasa da, uşaqların təhlükəsizliyinin birinci yerdə gəlməli olduğunu bildirib:
“Əlbəttə, idmanın dəyərləri qalmalıdır, amma bu, nəzarət altında, təhlükəsiz şəkildə edilməlidir. Bu dəyişiklik qaçılmazdır, sadəcə çox yavaş həyata keçirilir.”