Yuri Vernidub: "Hakimlər də insandır, səhv edə bilərlər"
“Mən bir il əvvəl “Krivbass”da çalışırdım. Yanılmıramsa, həmin gün aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket düşmüşdü və nəticədə 9 uşaq həyatını itirmişdi. Onlarla yanaşı, 21 böyük də həlak olmuşdu. Üstündən xeyli vaxt keçsə də, bu hadisə hələ də yaddaşımdadır. Bunu qeyd etmək istədim. İndi isə suallara keçə bilərik”.
90plus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub səsləndirib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Əvvəlki oyunlarla müqayisədə bu gün hansı dəyişiklikləri etdiniz?
Daim işləyirik, məşq edirik. Futbolçuların motivasiyası yüksəkdir, hər kəs oynamaq istəyir. Bu da işimizi asanlaşdırır. Əsas məsələ heyət seçimi ilə bağlı düzgün qərar verməkdir. “Sumqayıt”la oyunda yaxşı çıxış etdik, çoxlu qol epizodları yaratdıq. Daha böyük hesabla da qalib gələ bilərdik. Buraxdığımız qoldan sonra reaksiyamız da müsbət oldu. Mənim üçün vacib olan da budur.
Qarşıda sizi “Qarabağ”la iki oyun, həmçinin “Zirə” və “Araz-Naxçıvan”la görüşlər gözləyir. Bu matçlara nə dərəcədə hazırsınız?
Futbolçulara demişəm ki, aprel ayı çətin keçəcək. Ardıcıl güclü rəqiblərlə üz-üzə gələcəyik. Əslində, bu bizim üçün yaxşıdır. Bu oyunları səbirsizliklə gözləyirəm, çünki komandamın potensialını görmək istəyirəm. Uğurlu nəticələr əldə etsək, hər şey daha da yaxşı olacaq.
Emin Mahmudovun durumu necədir?
Eminə böyük ümidlərim var. Düşünürəm ki, 1-2 gün ərzində məşqlərə qayıdacaq. O, komandamızın kapitanıdır və meydanda onun varlığı çox şeyi dəyişir. Kapitanlı və kapitansız oyun arasında fərq hiss olunur. Gün keçdikcə daha da inkişaf edir.
Güclü rəqiblərlə oyunlarda xal qazanmaq çətin olur?
Hər matç üçün ayrıca planımız var. Rəqiblərin güclü və zəif tərəflərini analiz edirik. Həm A, həm də B planımız mövcuddur.
“Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları barədə nə düşünürsünüz?
Elə hallar olub ki, hakim qərarları bizə də təsir edib. Amma anlayırıq ki, onlar da insandır və səhv edə bilərlər. Məğlub tərəf üçün bu qərarlar daha ağır görünür. Mən isə diqqətimi yalnız komandamın hazırlığına yönəltməyə çalışıram. Ukraynada da hakimlərlə münasibətim yaxşı idi, burada da elədir. Əsas məqsədim komandamı oyunlara düzgün hazırlamaqdır.