Ayxan Abbasov: "Ruhdan düşmək lazım deyil"
Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti matçına çıxıb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığma İslandiya millisi ilə üz-üzə gəlib. 8-ci km stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
90plus.az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
"Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırdılar. Yaxşı komandadır. Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq".
Penalti epizodu haqqında...
- Bəhanə kimi fikir bildirmək istəmədim. Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadə sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada məncə penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədəki daha soyuqqanlılığı çatmadı. Rəqibin gümrah olmasından irəli gəlirdi.
Rüfət Abbasovun oyunu...
- Rüfət bu gün qazandıq. Onu, Xəyal Əliyevi də. İnanıram ki, gələcəkdə də belə davam edərlər.
Standart vəziyyətlər...
- Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi.
"Qarabağ"da ehtiyatda oturan Abbas Hüseynovun oynaması...
- Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə.
Fransa ilə oyunda dəyişikliklər...
- Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir.
Millidən irəliləyiş gözləntiləri..
- Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd olmalıdır ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır.
- Fransa ilə oyunöncəsi heyət...
- Emin Mahmudov, Elvin Cəfərquliyev böyük itkidir. Heyət geniş də deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Amma bilirdik ki, "Neftçi"də 1 məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq.