Fransa klubunda danışılan ad - Xabi Alonso
“Le Klassik”də PSJ-yə qarşı alınan 0:5 hesablı ağır məğlubiyyətdən sonra "Marsel"də Roberto De Zerbi ilə yollar ayrılıb və klubda yeni baş məşqçi axtarışlarına start verilib.
90plus.az xəbər verir ki, məlumata görə, rəhbərlik dünya futbolunun ən çox müzakirə olunan mütəxəssislərindən biri olan Xabi Alonso ilə təmas qurub. Klub sahibi Frenk Makkort azarkeş nümayəndələri ilə görüşdə ispan çalışdırıcının namizədliyinin gündəmə gəldiyini təsdiqləyib.
Lakin bildirilir ki, Xabi Alonso klubdakı idarəetmə qarışıqlığı, prezident postundakı qeyri-müəyyənlik və baş məşqçi vəzifəsinə qısamüddətli həll kimi yanaşılması səbəbindən təklifə müsbət cavab verməyib.
İdman direktoru Mehdi Benatia Roberto De Zerbinin gedişi günü istefa versə də, Frenk Makkort bu istefanı qəbul etməyib və əksinə, ona daha geniş səlahiyyətlər verərək klubda saxlayıb.
Xabi Alonsodan gələn mənfi cavabdan sonra "Marsel" rəhbərliyi daha praqmatik və Fransa Liqasını yaxşı tanıyan mütəxəssisə yönəlib. Klubun sabiq futbolçusu Habib Beye ilə danışıqlarda artıq son mərhələyə gəlindiyi bildirilir.
Beləliklə, "Marsel"də texniki zonada yaxın günlərdə yeni təyinatın rəsmiləşməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved