Hansi Flik ilin məşqçisi seçildi

Hansi Flik 2024/25 mövsümündə İspaniyada ilin ən yaxşı baş məşqçisi seçilib.
90plus.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının (RFEF) Məşqçilər Komitəsi bu qərarı “Barselona”nı ilk mövsümündə La Liqa, İspaniya Kuboku (Copa del Rey) və Superkubokda çempion edən alman çalışdırıcının uğurlarını nəzərə alaraq verib.
Flik mükafatını 20-21 iyun tarixlərində Madriddə keçiriləcək I Beynəlxalq Futbol Məşqçiləri Konqresi çərçivəsində təşkil olunacaq “Banquillo de Oro” (“Qızıl skamya”) mükafatlandırma mərasimində alacaq. Tədbirdə həm futbol, həm də futzal üzrə mövsüm ərzindəki uğurları və nümunəvi davranışları ilə seçilən məşqçilər təltif olunacaq.
Qadınlardan ibarət “Barselona Femini” klubunun baş məşqçisi Pere Romeu də mükafata layiq görülüb. Onun komandası 2024/25 mövsümündə La Liqa F, İspaniya Kraliça Kuboku (Copa de la Reina) və Superkuboku qazanıb, həmçinin UEFA Çempionlar Liqasının finalına yüksəlib. Lakin finalda “Arsenal”a məğlub olaraq titulu əldən verib.
Qeyd: Hansi Flik artıq La Liqada “İlin baş məşqçisi” adına da layiq görülmüşdü. Bu mükafat isə onun “Barselona” ilə dominant debüt mövsümünü daha da möhtəşəm edir.
© Copyright 2025, All Rights Reserved