Kanada – İsveç oyununda qalmaqal: Körlinq matçında ağır sözlər səsləndi
2026-cı il Qış Olimpiya Oyunlarında Kanada ilə İsveç arasında keçirilən kişilər arasında körlinq qarşılaşması ciddi qalmaqalla yadda qalıb. Matç zamanı tərəflər bir-birini fırıldaqda ittiham edib, meydanda gərginlik yaşanıb.
90plus.az xəbər verir ki, Kanadanın 8:6 hesablı qələbəsi ilə başa çatan görüşdə İsveç tərəfi rəqib oyunçuların atışdan sonra da daşa toxunduğunu iddia edərək hakimlərdən vəziyyəti diqqətlə izləməyi tələb edib. Kanada komandası isə eyni tələbi isveçlilərlə bağlı irəli sürüb və bu da qarşıdurmanı daha da alovlandırıb.
Oyunun sondan bir əvvəlki endinin sonunda İsveçin oyunçusu Oskar Eriksson ilə Kanadanın təcrübəli körlinqçisi Mark Kennedi arasında sözlü mübahisə yaşanıb. Eriksson rəqibinin daşa ikinci dəfə toxunduğu anın təkrarını göstərəcəyini deyəndə, Kennedi buna sərt və təhqiramiz ifadə ilə cavab verib.
Matçdan sonra Mark Kennedi baş verənləri belə şərh edib:
“Oskar bizi fırıldaqda günahlandırdı. Bu, xoşuma gəlmədi. 25 ildir peşəkar kerlinq oynayıram. Orada ölçmə və nəzarət cihazları var. Buna baxmayaraq, bizi davamlı şəkildə ittiham edirdi. Mən də ona cavabımı verdim.”
Dünya Körlinq Federasiyası insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, ilk etirazdan sonra hakimlər “hoq layn” (daşın buraxılmalı olduğu xətt) üzərində atışları yaxından izləyiblər.
Açıqlamada qeyd olunub:
“Müşahidə müddətində hər hansı ‘hoq layn’ qayda pozuntusu və ya daşa yenidən toxunma faktı qeydə alınmayıb.”
İsveçin kapitanı Niklas Edin isə baş verənləri körlinq idmanı üçün üzücü və qeyri-adi hal adlandırıb. O bildirib ki, bu idman növündə illərə söykənən dostluqlar var və belə hadisələr idmanın ruhuna uyğun deyil.
© Copyright 2026, All Rights Reserved