Luka Donçiçdən Kevin Duranta cavab: “İlk All-Star oyunumda da vəziyyət belə idi”
NBA "All-Star" matçının startına saatlar qalmış “Los Anceles Leykers”in ulduz qardı Luka Donçiç “Hyuston Rokets”in forveti Kevin Durantın açıqlamalarına cavab verib.
90plus.az xəbər verir ki, Durant son illərdə keçirilən "All-Star" oyunlarında rəqabət səviyyəsinin aşağı düşdüyünü bildirib və bu məsələdə Luka Donçiçlə Nikola Yokiçin də rolunun olduğunu demişdi. Sloveniya millisinin lideri isə bu fikirlərə səssiz qalmayıb.
Luka Donçiç açıqlamasında bunları deyib:
“Kevin Durant niyə mənim və Nikola Yokiçin adını çəkdi, bilmirəm. Mənim oynadığım ilk "All-Star" matçında da vəziyyət belə idi. Bu mövsüm Dünya Karması – ABŞ Karması formatında daha rəqabətli oyunlar izləyəcəyimizi düşünürəm.”
Donçiç bildirib ki, All-Star matçının xarakteri illərdir oxşardır və məsələni konkret oyunçuların üzərinə yıxmaq düzgün deyil.
Kevin Durant isə sərt açıqlamasında belə fikirlər səsləndirmişdi:
“Gedin avropalılardan və Dünya komandasından soruşun, görək həqiqətən rəqabət aparmaq istəyirlərmi? Luka Donçiç və Nikola Yokiçin "All-Star" matçında nə etdiyinə baxın. Onlar oyunu o qədər də ciddiyə almırlar. Yarım meydançadan atış edirlər, amma siz təcrübəli oyunçuların sərt oynayıb-oynamadığını müzakirə edirsiniz.”
Durantın bu sözləri basketbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Qarşıdakı "All-Star" qarşılaşmasının isə doğrudan da daha rəqabətli keçib-keçməyəcəyi maraq doğurur.
© Copyright 2026, All Rights Reserved