Mastantuono “Real”a gedən ayaqda “River”lə emosional sağollaşdı

Franko Mastantuono Klubların Dünya Çempionatında “River Pleyt”in formasını geyindikdən sonra “Real Madrid”ə keçməyə hazırlaşır.
90plus.az xəbər verir ki, hücumameylli yarımmüdafiəçi son iki mövsümdə “River Pleyt”in əsas komandasında müntəzəm çıxış edib və “Boka Xuniors”la derbidə qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.
Ötən ay o, Argentina millisində rəsmi oyunda debüt edən ən gənc futbolçu olub — Çiliyə qarşı Dünya Çempionatının seçmə mərhələsində son dəqiqələrdə əvəzetmə ilə meydana çıxıb və komanda 1:0 hesabı ilə qalib gəlib.
Mastantuononun “Real Madrid”lə 6 illik müqaviləsi 18 yaşı tamam olduğu gün — 14 avqustdan qüvvəyə minəcək. O, yay transfer pəncərəsində “Real”ın üçüncü transferidir. Bundan əvvəl klub “Liverpul”dan müdafiəçi Trent Aleksander-Arnoldu və “Bornmut”dan Din Höyseni transfer edib.
Mastantuono klubla vidalaşmaq üçün sosial şəbəkədə emosional paylaşım edib:
"Bu gün elə sətirlər yazmalıyam ki, bunu bu qədər tez edəcəyimi heç vaxt təsəvvür etməzdim. Əlim ürəyimin üstündə, qarışıq hisslərlə sizə demək istəyirəm ki, karyeramda çox vacib bir addım atmalıyam: yeni bir mərhələ açılır, başqa bir klubda, başqa bir məkanda, yeni çətinliklərlə. Bu, bir dəfə rast gəlinən, uşaqlıqdan top oynamağı arzulayan hər uşaq üçün həyatda bir dəfə nəsib olan unikal bir fürsətdir.
Amma irəli baxmazdan əvvəl arxada nə qoyduğumu deməliyəm. “River” sadəcə oyunçu kimi böyüdüyüm klub deyil. Bura mənim evimdir, ailəmdir, bu formanı qürurla, hörmətlə, şan uğrunda aclıqla necə geyinməyi öyrəndiyim yerdir. Bazada keçən hər məşq, “Monumental”da hər günortadan sonra, müəllimdən gələn hər məsləhət, tərəfdaşdan gələn hər qucaqlaşma tariximdə və ürəyimdə əbədi olaraq iz qoyub.
Sadəcə minnətdarlıq hissi ilə doluyam. Azarkeşlərə — qeyd-şərtsiz sevgiyə görə. Klubda məni yetişdirən bütün insanlara. Həmişə bu həvəsi bölüşən komanda yoldaşlarıma. Həmişə yanımda olan ailəmə. “River” mənə öyrətdi ki, arzular sadəlik, əzm və formaya olan sevgi ilə gerçəkləşir.
Və bəli, bir şeyi çox aydın demək istəyirəm: “River”lə nələrsə qazanmaq arzusu məndə heç vaxt itməyib. O, heç vaxt itməyib. Sadəcə sırası dəyişib. Bu gün növbə məndədir — çıxıb yeni təcrübələr yaşamaq, böyümək, öyrənmək. Amma arzu əvvəlkindən də güclüdür. Bilirəm ki, bu baş verəcək. Çünki ürəklə hiss edilən arzuların vaxtı bitmir.
Təşəkkür edirəm, “River”, hər şey üçün. Bu, vidalaşma deyil, bu sadəcə ‘görüşənədək’ deməkdir".