"Monako" hər oyun üçün cərimə ödəyir - SƏBƏB
90plus.az xəbər verir ki, Fransa Liqa 1 təmsilçisi “Monako” baş məşqçisi Sebastyen Pokonyolinin müvafiq peşəkar lisenziyaya malik olmaması səbəbindən hər oyuna görə 25 min avro cərimə ödəyir.
Fransız L’Equipe nəşrinin məlumatına görə, oktyabrın 11-də Adi Hütterin yerinə baş məşqçi təyin olunan 38 yaşlı belçikalı mütəxəssis Liqa 1-də işləmək üçün tələb olunan BEPF (Peşəkar Futbol Təlimçisi Diplomu) və ya ona bərabər sənədə sahib deyil. Bu səbəbdən “Monako” hər matç üçün cərimə ilə üzləşir.
Klub indiyədək Sebastyen Pokonyolinin rəhbərliyi altında keçirilən 17 oyun üçün ümumilikdə 425 min avro cərimə ödəyib. Qeyd olunur ki, “Monako” UEFA Çempionlar Liqasında bu məsələ ilə bağlı hər hansı sanksiya ilə qarşılaşmır.
Xəbərə görə, “Monako” rəhbərliyi cərimədən yayınmaq üçün bir oyunda Pokonyolinin köməkçisi Damiən Perrinelleni rəsmi protokolda baş məşqçi kimi göstərsə də, onun da diplom təhsili davam etdiyi üçün yenə cərimə tətbiq olunub. Perrinelle bu vəziyyətdən istifadə edərək maaşının klub tərəfindən artırılmasına nail olub.
Bu addım da nəticə vermədikdən sonra klub matç protokollarında baş məşqçi bölməsini boş buraxmağa başlayıb. Əgər Sebastyen Pokonyoli mövsümü sonadək tamamlayarsa, “Monako”nun ödəyəcəyi ümumi cərimə məbləği 750 min avroya çatacaq.
Klubdan verilən açıqlamada bildirilib ki, oktyabr ayında 38 yaşlı mütəxəssislə aparılan danışıqlarda bu qayda nəzərə alınıb və maaş məsələsi də buna uyğun tənzimlənib.
Hazırda Liqa 1-də 21 oyundan sonra 8 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə 28 xal toplayan “Monako” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında 21-ci yeri tutaraq pley-off mərhələsinə yüksələn Fransa təmsilçisi bu raundda PSJ ilə qarşılaşacaq. “Monako” Fransa Kubokunda isə artıq mübarizəni dayandırıb.