Mourinyo sözləri ilə başını dərdə saldı
Çempionlar Liqasında keçirilən "Benfika" – "Real Madrid" oyunundan sonra baş verən qalmaqal səngimir.
90plus.az xəbər verir ki, qarşılaşmada Vinisius Juniorun irqçiliyə məruz qalması iddialarından sonra "Benfika"nın baş məşqçisi Joze Mourinyonun səsləndirdiyi fikirlər ciddi narazılıq doğurub.
Portuqaliyalı mütəxəssisin açıqlamalarına ən sərt reaksiyalardan biri Fransa millisinin sabiq ulduzu Lilian Türamdan gəlib.
Türam Mourinyonun fikirlərini tənqid edərək bildirib:
“Mourinyo xüsusi karyeraya sahib, böyük məşqçidir. Bir çox qaradərili futbolçu ilə işləyib. Amma bu, ona irqçi hadisənin reallığını sorğulamaq haqqı vermir. Bunu necə deyə bilər? Sən kimsən, cənab Mourinyo?! Vinisiusun nə etməyə haqqı olub-olmadığını müəyyənləşdirməyə özünü necə səlahiyyətli hesab edə bilərsən? Onun sözlərində üstünlük və ağ narsisizm var.”
Fransalı əfsanə əlavə edib ki, Vinisiusun məruz qaldığı hücum onun davranışına görə deyil, dəri rənginə görə idi. Türamın sözlərinə görə, Mourinyo məsuliyyətin futbolçunun üzərində ola biləcəyini ima etməklə yanlış mövqe sərgiləyib.
O, həmçinin Mbappenin də hadisəni eşitdiyini xatırladaraq, irqçilik iddialarının uydurma kimi təqdim edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Matçın 51-ci dəqiqəsində Vinisius Junior qol vurduqdan sonra künc bayrağı yaxınlığında sevinc nümayiş etdirmiş və azarkeşləri təhrik etdiyi əsas gətirilərək sarı vərəqə almışdı.
Daha sonra futbolçu "Benfika"nın oyunçusu Canluka Prestianninin ona qarşı irqçi ifadələr işlətdiyini iddia edərək hakimə müraciət etmişdi. Gərginlik səbəbindən oyun təxminən 10 dəqiqə dayandırılmışdı.
Joze Mourinyo isə matçdan sonra belə demişdi:
“Vinisius möhtəşəm oyunçudur, onu çox sevirəm. Amma belə qol vuranda bunu komanda yoldaşlarınla birlikdə qeyd etməlisən, 60 min azarkeşin qarşısında yox. Ona dedim ki, sevincini fərqli şəkildə etməlidir. Onun oynadığı hər stadionda daim nələrsə baş verir.”
Qalmaqallı açıqlamalar futbol ictimaiyyətində müzakirələri daha da alovlandırıb və məsələ ətrafında polemika davam edir.