Paris 2026-cı ili Dembelenin uğurundan bəhs edən video şou ilə qarşılayacaq
Paris 2026-cı ili möhtəşəm video-şousu ilə qarşılayacaq. Yeni il gecəsi münasibətilə Zəfər Tağı (Ark de Triumf) üzərində xüsusi vizual təqdimat nümayiş olunacaq və burada PSJ-nin ulduzu Usman Dembelenin 2025-ci ildə qazandığı “Qızıl top”a xüsusi hörmət göstəriləcək.
90plus.az xəbər verir ki, "Şatle Teatrı"nda keçirilən mərasimdə “Qızıl top”u qazanan və bu nüfuzlu mükafata layiq görülən 6-cı fransız futbolçu olan Dembele tədbirdə şəxsən iştirak etməyəcək. Buna baxmayaraq, onun qazandığı “Qızıl top” Zəfər Tağı üzərinə proyeksiya olunacaq və yeni il qeyd etmələrinin əsas simvollarından biri olacaq.
Bu video şousunda PSJ-nin tarixi 2025-ci il mövsümü də xüsusi vurğulanacaq. Luis Enrikenin komandası həmin mövsümdə 6 titul qazanıb və mayın 31-də finalda “İnter”i 5:0 hesabı ilə darmadağın edərək klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. İyunun 1-də minlərlə azarkeşin bu uğuru məhz Zəfər Tağı ətrafında qeyd etməsi də xatırladılacaq.
Təqdimatda, həmçinin PSJ ilə “Paris FC” arasında qarşıdan gələn iki derbiyə də istinad ediləcək. Komandalar yanvarın 4-də Liqa 1, yanvarın 12-də isə Fransa Kubokunun 1/32 finalı çərçivəsində üz-üzə gələcəklər. Bu qarşılaşmalar paytaxt klubları arasında 1978/79 mövsümündən bəri ilk rəsmi oyunlar olacaq ki, bu da tədbirə əlavə simvolik məna qatır.
Paris Şəhər İdarəsinin bu təşəbbüsü PSJ tərəfindən müsbət qarşılanıb. Klub bunu tarixinin ən uğurlu ilinə layiqli qiymət kimi dəyərləndirir. Xüsusilə də həmin uğurların mərkəzində dayanan və möhtəşəm çıxışı ilə “Qızıl top”u qazanan Usman Dembele bu tribütün əsas simvolu hesab olunur.
© Copyright 2026, All Rights Reserved