“Real Oviedo” 24 il sonra La Liqada

“Real Oviedo” 24 ildən sonra La Liqaya döndü – Santi Kazorladan simvolik qələbə qolu həlledici oldu.
90plus.az xəbər verir ki, İspaniyanın tarixi klublarından biri olan “Real Oviedo” 24 illik fasilədən sonra yenidən La Liqada çıxış etməyə haqq qazanıb. Komanda pley-off mərhələsində “Mirandes” üzərində ümumi hesabda 3:2-lik qələbə ilə elitaya vəsiqə qazanıb.
Gərgin cavab matçı “Oviedo”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 0:1 hesabı ilə uduzan komandanın qələbəyə inamını qaytaran ilk qolu isə 40 yaşlı veteran futbolçu Santi Kazorla vurub.
Qayıdış, fədakarlıq və möcüzəvi dönüş
Kazorla 2023-cü ildə doğma klubu “Real Oviedo”ya qayıdaraq uşaqlıq arzusunu həyata keçirmişdi. O, bu addımı minimal maaş müqabilində atmış, əsas məqsədinin kluba yardım etmək olduğunu bildirmişdi.
Kazorla 2017-ci ildə ağır zədə və infeksiya nəticəsində 8 dəfə əməliyyat olunmuşdu. Hətta həkimlər onun ayağının kəsilə, futbolu isə tamamilə unuda biləcəyini ehtimal edirdilər. Bir müddət sonra hətta adi şəkildə yeriməsi belə sual altında idi.
Lakin o, bütün tibbi və fiziki maneələri aşaraq əvvəlcə peşəkar futbola, ardınca isə yetirməsi olduğu “Real Oviedo”ya döndü və klubun tarixində simvolik bir səhifə açdı. Onun “Mirandes”lə cavab oyununda vurduğu qol klubun La Liqaya dönüşündə həlledici rol oynadı.
2025/26 mövsümündə La Liqada
“Real Oviedo” sonuncu dəfə La Liqada 2000/01 mövsümündə çıxış etmişdi. Klubun azarkeşləri 24 illik fasilədən sonra yenidən İspaniya futbolunun zirvəsində iştirak edəcək komandalarını səbirsizliklə gözləyir.
Komandanın heyətindəki təcrübə ilə gənclərin sintezi və xüsusilə Santi Kazorla kimi simaların mövcudluğu “Oviedo”nun yeni mövsümdə diqqət çəkəcək komandalardan biri olacağını göstərir.
© Copyright 2025, All Rights Reserved