Türkiyə millisinin sabiq baş məşqçisi vəfat etdi
Türkiyə A Milli Futbol Komandasının sabiq baş məşqçisi Zepp Piontek 85 yaşında vəfat edib. Almaniyalı mütəxəssisin xəstəlik səbəbindən dünyasını dəyişdiyi və bu məlumatın ailəsi tərəfindən təsdiqləndiyi bildirilib.
90plus.az xəbər verir ki, 1990–1993-cü illərdə Türkiyə millisinin baş məşqçisi olmuş Piontek Ay-Ulduzluların beynəlxalq arenada yüksəliş yolunda ilk addımlarının atılmasında mühüm rol oynamışdı.
Peşəkar futbolçu karyerası ərzində Piontek Almaniyanın "Germania Leer" və "Verder Bremen" klublarında çıxış edib. O, "Verder Bremen"lə 1961-ci ildə Almaniya Kubokunu, 1965-ci ildə isə Bundesliqa çempionluğunu qazanıb. Bundan əlavə, Qərbi Almaniya millisində 6 oyunda forma geyinib.
Məşqçilik fəaliyyətinə də "Verder Bremen"də başlayan Piontek daha sonra "Fortuna Düsseldorf", Haiti və "Sankt Pauli"ni çalışdırıb. 1979-cu ildə isə Danimarka millisinin baş məşqçisi təyin olunub.
11 illik fəaliyyəti dövründə Piontek Danimarka millisini tarixində ilk dəfə – 1986-cı ildə dünya çempionatına aparıb. Komanda onun rəhbərliyi altında 1984-cü il Avropa çempionatında yarımfinala yüksəlib, 1988-ci il Avropa çempionatında isə qrup mərhələsində mübarizəni dayandırıb. O, həmçinin Avropada 3-5-2 taktiki sxeminin ilk tətbiqçilərindən biri kimi yadda qalıb.
1990-cı ildə Danimarkadan ayrılan Piontek Türkiyə millisinin başına keçib. O, Türkiyə millisini 27 oyunda çalışdırıb. Bu görüşlərdə komanda 4 qələbə, 8 heç-heçə və 15 məğlubiyyət alıb.
Alman mütəxəssis 1993–1995-ci illərdə "Bursaspor"u da çalışdırıb. Daha sonra Danimarkanın "Aalborq" və "Silkeborq" klublarında işləyib.
Türkiyə Futbol Federasiyası yaydığı açıqlamada Zepp Piontekin vəfatı ilə bağlı dərin kədər hissi keçirdiyini bildirərək ailəsinə, yaxınlarına, Almaniya və Danimarka futbol federasiyalarına başsağlığı verib.