Uilyams olmadı, Reşford olacaq - “Barselona”da!

Bir neçə “Mançester Yunayted” futbolçusu yay transfer pəncərəsində klubdan ayrılmaq istədiklərini rəhbərliyə bildiriblər.
90plus.az xəbər verir ki, Markus Reşford, Aleksandro Qarnaço, Ceydon Sanço, Antoni və Tayrell Malasiya yeni klub axtarışındadırlar. Klub bu oyunçulara mövsümöncəsi hazırlığa qoşulmazdan əvvəl əlavə istirahət imkanı verib. “Yunayted” artıq bir müddətdir, bu futbolçuları satmağa çalışırdı, lakin onların bu mövqeyi deməkdir ki, oyunçular komandada qalmaq uğrunda israr etməyəcəklər.
Bu arada, “Barselona” “Atletik Bilbao”nun vingeri Niko Uilyamsla danışıqların pozulmasından sonra diqqətini Luiş Dias və Markus Reşforda yönəldib. Cadena SER-in məlumatına görə, katalon klubu Niko ilə əməkhaqqı və müqavilə müddəti barədə razılığa gəlmişdi, futbolçu özü də “Barselona”ya keçmək niyyətində idi. Lakin oyunçunun agenti Feliks Tainta əlavə şərtlər irəli sürdü — gələcəkdə sərbəstqalma bəndinin olması və müqavilənin iyulda mütləq qeydiyyata alınması tələbi “Barselona” rəhbərliyi tərəfindən qəbul edilmədi.
Bu transferin tamamilə pozulmasından sonra Markus Reşford “Barselona”nın yayda sol cinahı gücləndirmək üçün əsas hədəflərindən birinə çevrilib. Bildirilir ki, “Mançester Yunayted”in hücumçusu mühitini dəyişmək istəyir və digər variantlardan çox “Kamp Nou”ya keçidi prioritet sayır. Reşford “Barselona”da oynamaq ideyasına sözün əsl mənasında “vurulub” və hazırda bu keçidi yekunlaşdırmaq üçün klubdan zəng gözləyir.
Transferin 40 milyon avro məbləğində məcburi satınalma şərti ilə icarə formasında həyata keçirilməsi mümkündür.
“Mançester Yunayted” 28 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdır və müxtəlif şərtlərə açıqdır ki, bu da “Barselona”nın La Liqa qaydalarına görə maliyyə manevrini asanlaşdıra bilər.
Başqa klubların marağına baxmayaraq, Reşfordun əsas istəyi “Barselona”dır. Onun ətrafı Kataloniya klubunun tezliklə hərəkətə keçəcəyinə ümid edir, çünki futbolçu qısa müddətdə yekun qərar verməlidir.
Niko Uilyams transferinin tam bağlanmasından sonra “Barselona” Reşfordu həm idman baxımından uyğun, həm də keçidi reallaşdırmağa qərarlı alternativ kimi görür.