Uilyamsın transferində daha bir maneə özü ilə “Barsa” arasında!

Niko Uilyams yaxın günlərdə “Barselona”nın onu transfer etmək təklifinə dair yekun qərarını verməyi planlaşdırır.
90plus.az xəbər verir ki, 22 yaşlı “Atletik” klubunun vingeri bu məsələ ilə bağlı ailəsi və nümayəndələri ilə mühüm görüş keçirəcək və “Kamp Nou”ya keçidə razı olub-olmayacağını dəqiqləşdirəcək (📰: Mundo Deportivo).
“Barselona”nın davam edən marağına və Uilyamsın özü də Kataloniya klubuna keçmək istəməsinə baxmayaraq, ötən həftənin sonunda klub ilə futbolçunun agenti Feliks Tainta arasında danışıqlar dalana dirənib. Bildirilir ki, bu dalana dirənmənin səbəbi Uilyamsın müqavilədə xüsusi bəndin əlavə olunmasını istəməsi olub.
İspaniya millisinin üzvü “Barselona”dan yazılı şəkildə öhdəlik götürməsini tələb edib ki, əgər klub onu La Liqaya qeydiyyatdan keçirə bilməsə, sərbəst buraxılsın. Amma idman direktoru Deko bu şərti rədd edib, belə bir bəndin hüquqi və maliyyə baxımından klubu risk altında qoya biləcəyini bildirib. Klub mənbələrinin sözlərinə görə, “Barselona” Uilyamsın 62 milyon avroluq sərbəstqalma məbləğini ödədikdən sonra onu qeydiyyata almadan buraxsa, bu, klub rəhbərliyinə ciddi nəticələr yarada bilər.
Buna baxmayaraq, “Barselona” La Liqanın maliyyə ədalətliliyi qaydasına (1:1 qaydası) əməl etmək üçün oyunçu satışı, müqavilə yenilənməsi və digər daxili əməliyyatlarla kifayət qədər maaş büdcəsi boşluğu yaradacağına əmindir. Məqsəd həm yeni transfer olunmuş qapıçı Xoan Qarsiyanı, həm də əgər razılıq alınsa, Niko Uilyamsı qeydiyyatdan keçirməkdir.
Klub Uilyamsdan ötən mövsüm heç bir sərbəst buraxılma bəndi olmadan sadəcə klubun vədinə inanaraq müqavilə imzalayan Dani Olmo ilə eyni səviyyədə etibar göstərməsini istəyir. Olmonun vəziyyətində o, Andreas Kristensenin zədələnməsindən sonra liqada iki tur keçdikdən sonra qeydiyyatdan keçirilmişdi.
“Barselona” hüquqi risk götürmək niyyətində deyil, amma alternativ variantı müzakirə etməyə hazırdır: əgər Niko qeydiyyata alınmasa, o zaman eyni məbləği ödəyən digər klub tərəfindən transfer oluna bilər. Bu bənd zərurət olarsa, transfer pəncərəsinin sonuna yaxın müqaviləyə əlavə edilə bilər.
Hazırda “Barselona” Uilyamsdan dəqiq razılıq almayınca onun təxminən 58 milyon avroluq sərbəstqalma məbləğini (inflyasiya əlavələri ilə birlikdə təxminən 62 milyon avro) aktivləşdirə bilmir. Yalnız futbolçunun yekun razılığı alındıqdan sonra müqavilələr təsdiq edilə, sərbəstqalma məbləği ödənilə və agent vasitəsilə rəsmi sənədlər tamamlanaraq transfer rəsmiləşdirilə bilər.
Klub mənbələri bildirir ki, bu həftə ərzində bu proses baş tutmayacaq.